Məqalələr‎ > ‎

Şəhidlər bizim qürür mənbəyimiz, mili dəyərlərimizdir

4 Mar 2021 00:41 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Mar 2021 01:19 güncellendi ]
28 il idi ki, üfunətli erməni tapdağı 
altında qalmış Vətən torpaqlarının 
daş qəbistanlıqlarına çevrilmiş 
qədim yurd yerlərinin nisgili 
ələm çovğununa 
dönərək 
xalqımızı elə hey titrədirdi. 




  
  Murad NƏBİBƏYOV,
  "Şəki Bələdiyyəsi" qəzetinin
  baş redaktoru, AJB-nin üzvü,
  "Qızıl qələm" mükafatı laureatı

        Bu zaman kəsiyində beynəlxalq hüquq normalarının qorunub saxlanmasına cavabdeh olan dünya gücləri dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də sözdən əmələ qədər olan məsafəni qət etmədiklərindən və ya bunu istəmədiklərindən vəhşi erməni instinkti cilovlanmaz bir hal aldı.
        Beynəlxalq qüvvələrin təpərsizliyini görüb "nə istəyirsən özündən istə, nə arzulayırsan özündən arzula" hikmətinə sarılaraq öz qüvvəmizlə işğalın nəticələrini aradan qaldırmaq niyyətinə düşdükdə isə onlar etinasız bir tövrlə "problmin hərbi həll variantı yoxdur, reallıqla razılaşıb, güzəşt yolunu tutmaq lazımdır" deyirdilər. Beləliklə, beynəlxalq hüquq normalarının qoruyucusu funksiyasına bilərəkdən səhlənkar yanaşmaları, etinasız münasibət sərgimələri bir yana qalsın, torpaqları işğala məruz qalan bir xalq olaraq bu yükü çiynimizə götürməkdən ibarət olan son dərəcə təbii istəyimizin qarşısında sipərə çevrilirdilər. Çünki özlərinin dar, prаqmatik siyasi maraqlarından və işğalçı ilə dini həmrəylikdən doğan kor təəssübkeşlik mövqeyindən çıxış edirdilər.
        Erməni faşizmi bu durumdan və imperiyaçı ağasının dəstəyindən bəhrələnərək tutduğu torpaqları ən iyrənc vasitələrlə özü üçün Vətənə çevirməyə çalışırdı.
        Lakin xalqımız Vətən torpaqlarını əsarətdən qurtarmaq üçün hətta bütün dünya ilə döş-döşə gəlməyə belə hazır idi. Bu dirəniş mənsub olduğumuz türk superetnosunun etnik xarakterinə xas olan təməl dəyərlərdən qaynaqlanır.
        Etnik xarakter dedik, yadımıza ərəb mütəfəkkiri Osman bin Bəhr Əl-Cahiz-Əl Bəsrinin yazdıqları düşdü: "VƏTƏN üçün əsmək, onun üçün darıxmaq, ona olan sevgi bütün insanlar arasında yayılmışdır. Ancaq türkün çəkdiyi VƏTƏN, YURD HƏSRƏTİ daha şiddətli, daha da güclüdür".
        Vətən, yurd sevgisi ulularımız üçün elə bir ülvi mahiyyət kəsb etmişdir ki, Vətən torpaqlarının, Yurd yerlərinin ruha malik olması qənaətini özündə ehtiva edən ibtidai dini inanca iman gətirmişdir.
        Min-min illərin başında uluların söylədiyi sözlər, səsləndirdikləri fikirlər əcdad ruhunun hənirinə, işartısına dönərək çağdaş nəsillərin Vətən sevgisini alovlandırmaqdadır.
        Sözləri türkün ruhuna çevrilən Qərbi Hun imperiyasının hökmdarı Çiçi təxminən iki min il öncə demişdir: "Vətən atalarımızdan bizə əmanət edilmiş müqəddəs torpaqlardır. Ləyaqəti itirməməк üçün bu torpaqlar tərk edilməz".
        44 gün davam edən Vətən müharibəsində şəhid ucalığına qalxan cavanların öz sinələrini düşmən güllələrinin önündə qalxan etmələrinin səbəbini məhz qan yaddaşının təlqin etdiyi bu ruhda aramalıyıq.
        Türk etnosunun milli xarakterinə xas olan daha bir cəhət də vardır, bu da dövlətçilik mədəniyyətidir: bəşər tarixinin son 2500 illik dönəmində meydana gələn Böyük Hun imperiyası, Qərbi və Şərqi Hun imperiyaları, Ağ Hun imperiyası, Göy Türk imperiyası, Xəzər imperiyası, Qəznəvilər imperiyası, Böyüк Səlcuq impеriyаsı, Əmir Tеymurun yаrаtdığı impеriyа, Оsmаnlı impеriyаsı, Səfəvilər imperiyası - bu dövlətlər türkə məxsus dərin dövlətçilik mədəniyyətinin təsdiq və vasitələridir. Tarix ərzində başqa heç bir xalqa bu qədər imperiya yaratmaq nəsib olmayıb.
        "Dövlətçilik mədəniyyəti" ifadəsinin məna çalarlarından biri də hər bir fərdin dövlətə konsolidasiya olunması, yəni dövlətlə vəhdət təşkil etməsi, özünü dövlətin tərkib hissəsi kimi təsdiqləməsidir.
        İkinci Qarabağ savaşının davam etdiyi günlərdə xalq dövlətlə sıx plazmаtik nüvə kimi birləşməklə sübut etdi ki, qan yaddaşı vasitəsilə ululardan aldığı bu etnik özəlliyi qoruyub saxlamaqdadır.
        İndi Şəhid məzarlarında uyuyan cavanlar Vətənlə, Millətlə yanaşı, həm də dövlətçiliyimizi hifz edib, bizə tapşırıb, özləri cənnəti-məkan olublar. Onlar bizim qürur mənbəyimiz, milli dəyərimiz, vətənpərvərlik rəmzimiz, hətta səcdəgahlarımızdır.