Məqalələr‎ > ‎

"L.N.Tolstoyun gündəliyi"ndən seçmələr

16 Mar 2021 00:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Mar 2021 00:11 güncellendi ]
"2021-ci il martın 16 - da görkəmli 
dövlət xadimi 
və ictimai - siyasi xadim, 
31 il Azərbaycanın 
böyük rayonlarında, 
o cümlədən 10 il Şəki 
Şəhər Partiya 
Komitəsinin birinci katibi 
vəzifələrində işləmiş, 
hörmətli Murad Nəbibəyovun 
təbirincə obrazlı şəkildə desək 
"şəkililərin yaddaşına həkk olunmuş rəhbər", 
filologiya üzrə fəlsəfə doktoru 
Sadıq Nəbi öğlu Murtuzayevin 
vəfatının 40 günü tamam olur. 

Hikmət
ƏBDÜLHƏLİMOV


        Yarım əsrdən artıq bir zaman kəsiyində yaxından tanıdığım, 10 il bilavasitə rəhbərliyi altinda işlədiyim və bu zaman ondan böyük həyat məktəbi, siyasi rəhbərlik məktəbi dərsləri aldığım bu böyük insanın yoxluğunu heç cürə qəbul edə bilmirəm. O həm də mənim 30 ildən artıq yaradıcılığıma Respublika mətbuatında və kitablarında dərindən, obyektiv, səmimi qiymət verərdi. Mənim məşəqqətli, əzablı, yetimliklə keçən uşaqlıq illərimim acısını da o yaxşı anlayırdı. Çünki o da mənim kimi uşaqlıq illərini ata - anasız, yetimliklə keçirmişdir. F.M. Dostoyevski yazırdı ki, insanın varlığı yoxluğunda görünür. Bu gün biz Sadıq müəllimin yoxluğunda onun varlığını daha dərindən dərk edir, görürük. BÖYÜK YARADANDAN ona qəni -qəni rəhmət diləyir, doğmalarına. səbr və dözüm arzulayırıq. 
        P.S. Vəfatından bir neçə ay əvvəl nəşr etdirdiyi "Son borc" kitabını avtoqrafla mənə verdi. Həmin kitabın bir fəsli ilə feysbook dostlarımı tanış edirəm.

* * *

"L.N.TOLSTOYUN GÜNDƏLİYİ"NDƏN SEÇMƏLƏR

        Bu kitabı nəşriyyata göndərmək ərəfəsində şəxsiyyətinə, intellektinə, işdə prinsipial mövqeyinə, zəngin elmi-ədəbi yaradıcılığına, Şəkiyə rəhbərlik etdiyim 10 il ərzində çox nüfuzlu vəzifələrdə ləyaqətlə çalışan və hətta L.Tolstoy təvazökarlığı ilə ö dövrün ən müqtədir təşkilatı olan Mərkəzi Komitəyə məsul bir vəzifəyə dəvət olunarkən ondan imtina edən dostum Hikmət Əbdülhəlimov mənə zəng vurub dünya ədəbiyyatının ən möhtəşəm korifeyi Lev Nikolayeviç Tolstoyun seçilmiş əsərlərinin 2 cildində özünə yer tapmış məşhur gündəliyindən heç şübhəsiz aylarla oxuyub tərcümə etdiyi və icmalını çıxardığı 50 səhifəlik əlyazmasını göndərdi. Oxuyub heyran olmağım öz yerində, həm də onu müəllifin razılığı əsasında bütünlükdə bir fəsil olaraq bu kitaba əlavə etmək fikrimdən keçsə də sonda müəllifin özünün həmin “İcmalı” ayrıca kitabça şəklində nəşr etdirmək arzusunda olduğunu nəzərə alıb ondan daha məqbul bildiyim kəlamları seçim edib bu fəsli bərqərar etdim və yəqin ki, müəllifin xeyir-duasından sonra kitaba əlavə edirəm.
        Hikmət Əbdülhəlimova məxsus “İcmal”da L.Tolstoyun gündəliyindən əxz etdiyi kəlamlar yəqin ki, elə həmin gündəliyə əsasən bölmələrə ayrılmışdır və mən də həmin bölmələri saxlayıram.

        Sadəlik, humanistlik və təvazökarlıq.

- Bir dəfə görüşünə gəlmiş 750 nəfər uşaqla çayda çimmişdir.
- Ətrafındakı aclığa, səfalətə dözməyib öz qraf torpaqlarını kəndlilərə paylamaq istəmiş, lakin kəndlilər etiraz etmişlər.
- İlk dəfə o, Nobel mükafatına təqdim olunarkən İsveçin “Stokholm Tadblax” qəzetinə məktub yazıb ondan imtina etmişdir.
- 1908-ci ildə onun 80 illik yubileyini bayram etmək üçün Y.Bunin, V.Biryusov, Y.Repin, V.Korolenko və b. Tərəfindən Sankt Peterburqda təşəbbüs komitəsi yaradılır və belə komitələr Moskva və başqa şəhərlərdə də təsis olunur. L.Tolstoy qəti etirazını bildirib həmin komitələri ləğv etdirir. Lakin ədibin etirazlarına baxmayaraq yubiley böyük təntənə ilə qeyd edilir.
- Sadəlik mənəvi gözəlliyin əsas şərtidir.
- Təvazökarlıq qarşılıqlı məhəbbət üçün əsas şərtdir.

Qaydalar. (Gündəlikdə xüsusi yer tutur)

- Hər şeyi öz adı ilə çağır.
- Dəyəri olmayan bir şeyə qiymət qoyma (məsələn papirosa)
- Mürəkkəıb hadisələrdə həmişə ilk təsəvvürə görə hərəkət et.
- Bütün hallarda uğurun yeganə şərtinin səbr olduğunu yaddan çıxarma.
- Bütün işlərdə mənə mane olan və xüsusən də mənə çox ziyan vuran tələskənlikdir.
- Özünəinam və xırdalıqlara nifrət uğurun rəhnidir.
- Görəcəyin işi götür-qoy etməmiş qətiyyətsiz, götür-qoydan sonra qətiyyətli ol.
- Özünü hər işə tam sərf et və onu nümunəvi görməyə çalış.
- Yalan danışma.
- Şöhrətöərəstlikdən uzaq ol.
- Vəziyyət ağırlaşdıqca fəaliyyətini gücləndir.
- Fiziki və əqli fəaliyyətində sahman yarat, onların təmin olunmasında ehtiyatlı ol.
- Hər hərəkətinin məqsədi doğmalarının xoşbəxtliyi olmalıdır.
- Bu günün vəziyyəti ilə razılaş.
- Xeyirxahlıq üçün fürsət axtar.

        İslah qaydaları.

- Ağır anlarında tez-tez fikirləş ki, bundan da ağır ola bilərdi.
- Avaraçılıq və səhlənkarlıqdan qorx.
- Çalış gələcəkdən heç nə gözləməyəsən.
- Şöhrətpərəstlikdən və onu yaradan yalandan qorx.

        Təcrübi qaydalar.

- Bütün faydalı fikirləri yadda saxla və yaxşı olar ki, yazasan.
- Daim hərəkətdə olmağa çalış.
- İlk təsəvvürün dəyişənə qədər heç kəs haqqında rəy yaratma.
- İnsanların davranışlarını öz hisslərinlə yox, onlarda təxmin etdiyinlə dəyərləndir.
- Gün doğana qədər qalx.
- Yemək-içməkdə nəfsini qoru.
- Hər şənbə qarşıdakı həftədə görəcək işlərinə yenidən bax.
- Heç kəsə borc vermə v borc alma.
- Başladığın iş əhəmiyyətsiz olsa belə onu yarımçıq qoyma.
- Günün işlərini yarımçıq qoyma.
- Mədaxil məxaricinin qeydiyyatını apar.
- Başqasının fikirlərini təkrar etmə.

        Ədəbiyyat qaydaları.

- Hər bir əsərin məqsədi xeyirxahlıq olmalıdır.
- Əsərin qayəsi uca olmalıdır.
- Mühafizəkarlıqdan uzaq ol.

        Şöhrətpərəstlik.

- Şöhrətpərəstlik əxlaq xəstəliyidir.
- Şöhrətpərəstlik insanın bütün varlığını zəhərləyir.
- Şöhrətpərəstlik başqaları qarşısında hətta ən axmaq işlərdə fərqlənmək arzusudur.

        Xoşbəxtlik və bədbəxtlik.

- Şəxsi xoşbəxtliyini əsas məqsədi hesab edən adam axmaqdır.
- Xoşbəxtliyin yeganə vasitəsi xeyirxahlıqdır.
- Sakit vicdan və faydalı olmaq əsl xoşbəxtlikdir.
- İki xoşbəxtlik mövcuddur: Comərdliyə görə və şöhrətpərəstliyə görə. Birincisi daimidir, ikincisi elə özü tərəfindən məhv edilir.
- Məhdudluq, dar fikirlik bədbəxtliyin əsas səbəbidir.
- Əzaba məruz qalan yox, əzab verən bədbəxtdir.
- Allaha məhəbbət həyatımın məqsədidir.
- Allahın idrakı ancaq ona olan məhəbbətlə mümkündür.
- İnsanlara yaxşılıq etmədən Allaha yaxınlaşmaq mümkünsüzdür.
- Dini dünyagörüşü olmayan adam mənəvi şikəstdir.

        Həyat və ölüm.

- Hərəkət həyatın özüdür.
- Yaxşı yaşamaq həm də yaxşı ölümdür.
- Həyat zarafat yox, böyük təntənədir.
- Həyatın məqsədi və əsas şərti sevinməkdir.
- Səmaya, günəşə, ulduzlara, otlara, ağaclara, heyvanlara, insanlara bax və sevin, bu sevincin yox olmasına imkan vermə. Əgər bu sevinc yox olursa hardasa səhvin var, onu tap və düzəlt.

        Xatirələr.

- Xatirələri yaz və onun nə vaxt baş verdiyini də qeyd etməyi yaddan çıxartma.
- Sənə xoş olan heç şeyi yaddan çıxartma.

        Uşaqlar və qocalar.

- Uşaqlar ona görə xoşbəxt və əzizdirlər ki, onlar bu günlə, indiki zamanla yaşayırlar.
- Qocalığa hörmət et, qocalar da özlərinə hörmət etməli, gənclərlə bir arada dayanıb onlarla mübahisə etməməlidirlər.
- Qocalar o zaman xeyirxahlaşırlar ki, yaşadıqlarını və gördüklərini gələcək nəsillərə ötürürlər. Bu olmasa bəşəriyyət irəli gedə bilməz.

        İnsan. 

- İnsanın təkmilləşməsinin ali həddi onun heç nə bilməməsinin ali həddidir.(Sokrat)
- Özünü insanlara nə qədər yüksək göstərməyə çalışırsansa, bir o qədər aşağı düşürsən.
- Təmiz yaşamaq üçün cəhd et, döyüş, səhv et, başla və at, yenidən başla və mübarizəni gücləndir, məhrumiyyət keçir, sakitləş – bu qəlbin rəmzidir.
- Mübahisə zamanı yaxşı etirazları qəbul et və düşünüb daşın.
- Həmişə haqlı olduğunu iddia edənlər insanların dözülməz tipidir.
- İnsan özünü dərk etmirsə, yaşayıb yaşamadığını bilmir.

        Xudbinlik.

- Bu, insanın həm özü, həm də başqaları üçün ən yaramaz olanıdır.

        Davranış qaydaları.

- Az danış, xüsusilə etimad göstərdiyin adamlar qarşısında.
- İnsanlarda həmişə pis yox, yaxşı cəhətlərini axtar.
- Həqiqəti uca tut.
- Heç vaxt hisslərini büruzə vermə.
- On dəfə varlansan da əvvəlki həyat tərzini dəyişmə.
- Fikir söyləyərkən ehtiyatlı ol.
- Sadəlik səmimiyyətin və mənəviyyatın başlıca şərti, əlamətidir.
- Avaraçılıq dəhşətli bədbəxtlik, naqisliyin anasıdır.
- Ağıl islah xarakterdən, axmaqlıq özünəvurğunluqdan yaranır.
- “Qəzəb gücsüzlükdən doğur” (Russo).

        Təfəkkür, mənəviyyat, iradə.

- Təfəkkür hər şeyin başlanğıcıdır.
- Vaxt əsl həyatın təzahür formalarından biridir.
- Əmək, əmək! İşlədiyim zaman özümü necə də xoşbəxt hiss edirəm.
- Özündən narazılıq inkişafın rəhnidir.
- Həmişə yaxşı işlər görmək əbədiyyata qovuşmaqdır.
- Həyat qayəniz dahi, varlı, şöhrətli olmaq yox, qəlbinizi təmiz saxlamaq olmalıdır.
- Həqiqəti uca tutan boşboğaz ola bilməz.
- İradə azadlığı öz həyatını dərk etməkdir.
- Vicdan ən etibatlı göstəricidir.
- Ədalət xeyirxahlığın ali dərəcəsi, ondan yuxarısı mükəmməllik, aşağısı qüsurluluqdur.
- Özünüzü insanlar haqqında pis düşünməkdən qoruyun.
- İnsanların arxasınca danışmaq əclaflıq, üzünə demək naqislikdir.
- Vicdan cəmiyyətin ayrıca fərd tərəfindən mənimsənilən abidəsidir.

        Həqiqət və yalan.

- Həqiqət həmişə insana ən yaxın olanıdır.
- İnsanın qəlbi ilahi qığılcım, həqiqətin özüdür.
- Başqalarının yanında yalan danışmaq çox da mühüm və zərərli deyil, zərərli olan özünün özünə yalan danışmasıdır.
- Öz günahlarını etiraf etməyən insan kip bağlanmış qaba bənzəyir.
- Günahlarını etiraf etmək kamillikdir.

        Gələcək.

- İnsanın düçar olduğu bütün bədbəxtliklərin mənbəyi öncə görmək arzusudur.
- Bu günki həyatla yaşamaq, ən yaxşı olanları bu gün görmək müdriklikdir.

        Mütaliə, bilik, elm.

- Oxumağa tələs.
- Bilik hər şeydir, elm onun bir hissəsi.

        İqtisadiyyat, maddiyyat.

- “İnsiharçılığın mahiyyəti ticarət üçün böyük bəladır”.(II Yekaterina)

        Hakimiyyət, maariflənmə, ictimai rəy.

- İctimai rəy hər cür qanun və qoşundan milyon dəfə güclüdür.

        Əzizlərim! Bu kəlamların bəzilərinə (bəlkə də bir çoxuna) yəqin ki, əvvəlki fəsillərdə də təsadüf etmişsiniz, lakin bunları əzəmətli Lev Tolstoyun kəlamları kimi oxumağınız şübhəsiz, onların çəkisini xeyli artırmış olur.