Məqalələr‎ > ‎

Şəki Bələdiyyəsi 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirdi

20 Oca 2021 01:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Oca 2021 01:38 güncellendi ]
Tədbirdə əvvəlcə müstəqilliyimizin ilk səhidlərinin əbədi xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.









        20 Yanvar faciəsinə, insanlığa qarşı törədilmiş bu dəhşətli cinayətin qurbanlarının xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan toplantıda Şəki Bələdiyyəsinin sədri Mayis Allahverdiyev çıxış edərək xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda, böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar faciəsinin tarixindən, Sovet imperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən və tarixi ibrət dərslərindən danışdı. O, həm də əlavə etdi ki, bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, şəhidlərə borcluyuq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 100-dən çox sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı. Odur ki, tariximizə qanla yazılmış bu faciə xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.  
        Sonra bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov çıxış edərək diqqətə çatdırdıb ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malik olan və genetik olaraq azadlığına, müstəqilliyinə bağlı mübariz xalqdır. Tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın azadlıq ruhunu heç bir qüvvə məhv edə bilmədi və 1918-ci ildə məhz Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Cümhuriyyəti qurulmuşdur. XX əsrin 80-90-cı illərində Sovet imperiyasının son nəfəsini yaşadığı dövrdə digər ittifaq respublikalarında olduğu kimi, Azərbaycanda da milli azadlıq hərəkatı geniş vüsət aldı və 1988-ci ildə əsl meydan hərəkatına çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunu tərəfindən amansız qətliam törədildi, lakin böyük faciə olan bu hadisə qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilmədi.
        Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva öz çıxışında ümummilli lider Heydər Əliyevin xalqımızın faciəsinə biganə qalmadığından söhbət açdı. O, dedi: “Ümummilli lider Heydər Əliyev o vaxt rəhbər vəzifədən uzaqlaşdırılmasına, səhhətindəki problemlərə və ev dustaqlığında olmasına baxmayaq, 20 Yanvar faciəsinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Mətbuat nümayəndələri qarşısında cəsarətlə tarixi bəyanat verən Ümummilli Lider Azərbaycan xalqına qarşı bu qanlı cinayəti törədənləri, əli qana batmış qatil Qorbaçovu ifşa etdi və öz xalqına qarşı bu xəyanəti edən imperiyanın puç olmağa məhkum olduğunu bildirdi.” 20 Yanvar faciəsinə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin rolunu diqqətə çatdıran S.Musayeva onu daa əlavə etdi ki, 20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda qəhrəmanlıq dastanına çevrildi. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ müharibəsində və 2020-ci ildəki Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu.
        Tədbirdən sonra bələdiyyənin kollektivi Şəki Şəhidlər xiyabanını ziyarət etdilər.

Murad NƏBİBƏYОV,
Şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsinin müdiri