Məqalələr‎ > ‎

ŞƏKİLİ QƏHRƏMAN - O, 8 nəfər döyüşçü yoldaşının həyatını xilas edən "Qumbara TƏRLAN"dır

24 Mar 2021 04:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Mar 2021 05:56 güncellendi ]
Döyüş meydanında can versə insan 
Xoşdur, namərdliklə qoyub qaçmaqdan. 
Sədi Şirazi 


        Türk milləti yaranışından öz qəhrəmanlıq səlnamələri ilə bütün dünyanı heyrətə gətirmiş, yüz illərlə azadlıq və torpaq uğrunda apardığı müharibələrdə öz igidləri ilə digər millətlərə nümunə olmuşdur. Azərbaycan xalqının da qatı düşmənə qarşı apardığı məlum 44 günlük müharibə bir daha sübut etdi ki, türkü məğlub etmək olmaz. 44 gündə döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları, şücaəti sayıb qurtarmaq mümkün deyil. Təkcə Vətənimizin dilbər guşəsi Şuşanın alınması bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgərinin keçə bilmədiyi sədd yoxdur. Bu yazıda haqqında söhbət açacağımız əsgərimizin göstərdiyi qəhrəmanlıq isə artıq bir dastana, baş vermiş bir əfsanəyə çevrilib.

        Həqiqətən ataların, xalqın qəhrəmanı olmaq üçün mütləq əldə qılınc olması vacib deyil – deyimi özünü çox hallarda sübut etmişdir. Çox ölkələrin taleyində öz zəkası, dönməzliyi, həlledici anlarda qəti qərar qəbul etməsi ilə adı qəhrəmanlar sırasına yazılanlar az olmamışdır. Azərbaycan xalqının da taleyində müxtəlif dövrlərdə düşmənə qarşı mübarizədə ad çıxarmış tarixi qəhrəmanlarımız var və xalqımız hər zaman onlarla qürur duyur. Belə qəhrəmanlardan biri də 44 günlük müharibədə öz hərəkəti ilə qəjhrəmanlıq zirvəsinə ucalan 23 yaşlı həmyerlimiz, artıq bütün Azərbaycanda “Qumbara Tərlan” kimi tanınan Tərlan Rafiq oğlu Həsənovdur.
        Tərlan, olduqları yerə düşmüş və partlamasına bir-neçə saniyə qalmış qumbaranı gördükdə, dahi yazıçı-dramaturq Məmməd Səid Ordubadi demişkən - İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. - bir anda orada olanların hamısının həlak olacağını düşünüb, 8 nəfər döyüş yoldaşının sağ qalması üçün özünün ölümünə qərar verərək qumbaranın üstünə atılmışdır. Tərlanın bu hərəkəti 8 əsgər yoldaşını ölümdən qurtarmaqla, 8 ailəni övlad acısından, üzücü matəmdən qurtarmışdır. Və çox sevindirici haldır ki, qumbara partladıqdan sonda Tərlan özü də sağ qalmış, yüngül xəsarətlə ölümün caynağından xilas olmuşdur.
        Tərlan Rafiq oğlu Həsənov 16 iyul 1997-ci ildə Şəkinin Baş Zəyzid kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində aldıqdan sonra, 2014-cü ildə Azərbaycan Texniki Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olub və 2018-ci ildə ali təhsilini başa vurub.
        2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan qəhrəmanımızın əsgərliyini qurtarmağa sayılı günlər qalanda Vətən Müharibəsi başlayıb və o, düşmənə qarşı vuruşmaq, nankor qonşularımızı torpaqlarımızdan qovmaq üçün cəbhəyə gedib.
        Tərlanın hərbi xidmətə getməyini də əsil vətənpərvərlik nümunəsi hesab etmək olar. Belə ki, ali təhsil aldıqdan sonra əsgərliyə getmək istəsə də, çəkisinin az və gözlərinin zəif görməsi səbəbli onu hərbi xidmətə aparmaq istəməyiblər. Lakin Vətənə xidmət etmək arzusu Tərlanda o qədər güclüq olub ki, o, israr edərək əsgərkiyə getməyə nail olub. Hərbi xidmətinin bitməsinə isə az qalmış müharibə başlayıb.
        Tərlanın söylədikləri:
“Hadisə “Talış” yüksəkliyində baş vermişdi. O vaxt biz hücum vəziyyətində idik. Yüksəklidə olan postu düşməndən xilas etmək istəyirdik. Yanımda komandir heyəti də, əsgər yoldaşlarım da var idi. Yaxınlıqdakı səngərdə düşmən var idi və ordan bizə bizə əl qumbaraları atırdılar. Biz də qumbaralardan yayınmaq üçün dağa sığına-sığına düşmən postuna tərəf hərəkət edirdik. Bu vaxt qumbaralardan biri mənim və əsgər yoldaşlarımın yanıma düşdü. Onda mənim əynimdə zirehli gödəkcə, üstümdə isə rabitə aparatı və dörd ədəd güllə darağı vardı. Qumbaranı görən kimi, gözümün önündən əsgər analarının göz yaşı, şəhidlərimiz gözümün önündən keçdi. O anda qəti qərara gəldim ki, özümü atım qumbaranın üstünə, təkcə mən ölüm. Heç olmazsa, yanımda olan döyüş yoldaşlarım sağ qalsınlar. Və elə də etdim, uzandım qumbaranın üstünə. Qumbara partlayanda isə şoka düşdüm. Bir müddət sonra, şokdan ayılıb, başımın üstündə həkimi görəndə anladım ki, sağ qalmışam. Sonra yenə də bir-neçə gün şok vəziyyətində oldum.”        
    
    Sinəsinin altında qumbara partladıqdan sonra satlarla huşsuz qalan Tərlanın dostları da onun şəhid olduğunu düşünüblər. Lakin Tərlanı əynindəki zirehli jilet və əlində tutduğu radio-rabitə cihazı xilas edib. Özü ilə bərabər 8 nəfər əsgərin də həyatını xilas edən Tərlanın adını döyüşçü dostları o gündən “Qumbara Tərlan” qoyublar.
        Hadisədən sonra igid əsgərimiz komandanlıq tərəfindən “Fəxri Fərman” və 5 günlük məzuniyyətlə mükafatlandırılıb.
        Qəhrəmanımız haqqında internet saytlarında çox məlumatlara rast gəlmişdik, lakin onun özünü görmək, özü ilə söhbət edib yazı hazırlamaq istəyirdik. Lakin özü ilə görüşə bilməsək də telefonla danışmaq qismət oldu bizə. Martın 23-də telefon söhbəti zamanı Tərlan dedi ki, bu dəfə doğma kəndinə 10 günlük məzuniyyətə gəlib. Eyni zamanda, Tərtər Hərbi Prokurorluğu tərəfindən mükafatlandırıldığını da əlavə etdi.
        Azərbaycan Ordusunun mənfur düşmən üzərindəki Qələbəsindən sonra Tərlanın social şəbəkə hesabında yazdıqları da oxucularımız üçün maraqlı olar:
“Öncə hər kəsə salam olsun. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Yaralılarımıza şəfa versin... Bizim 3 amalımız var. Ya qalib olacağıq, ya qazi olacağıq, ya da ki, Şəhid! Hər 3 pillə ən uca zirvədir. Məğlubiyyət deyilən bir şey bizim gözümüzdə yoxdur. Hər birinizə minnətdaram. Azərbaycan xalqının dəstəyi olmasaydı, bizim üçün yəqin ki çox çətin olardı. Amma Şükür Allaha! Qalibiyyət yolunda irəlilədik. Yaşasın AZƏRBAYCAN XALQI, YAŞASIN AZƏRBAYCAN ORDUSU, YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ! Hər kəsə minnətdaram”.
        Bir-iki kəlmə də Tərlanın anası, Vətənimiz, xalqımız üçün çox dəyərli övlad böyütmüş Nigar xanımın modern.az saytına söylədiklərindən:
        “Biz Tərlanı çox əziyyətlə böyüdüb, oxutmuşuq. Bir gün ac qalmışıq, bir gün tox, amma istəmişik ki, o oxusun, özünə gözəl bir həyat qursun. Bir oğlumuz var, hər zaman ona arxa dayaq olmağa çalışmışıq. Hər zaman, hər yerdə hətta əsgərlikdə də onun fəxr ediləsi hərəkətlərini, xəbərlərini eşitmişik.
        Əsgərlikdə göstərdiyi qəhrəmanlığa görə 5 günlük icazə verdilər ki, evə gəlsin. Orada başına gələnlərdən danışdı. Qumbaranın üzərinə özünü necə atdığından... Tərlan müharibədə rabitəçidir. Bu hadisə başına gələn zaman Tərlanın üstündə “bronjilet” və rabitə aparatı olub. Səngərdə çox əsgər olublar. Əl qumbarası atılan vaxt Tərlan özünü qumbaranın üstünə atıb, deyib ki, şəhid olsam, tək mən olum uşaqlar salamat qalsınlar. O özünü qumbaranın üstünə atanda komandir görüb, Oğlum deyir bir onu hiss elədim ki, elə bil məni göydən yerə çırpdılar. Neçə saat özünə gələ bilməyib, huşunu itirib. İynə vurublar, müayinə ediblər, sonra ayılıb. Əynindəki hər şey yanıbmış. Başında qəlpə izi qalıb. Alnından çıxarılan qumbara qəlpəsini indi cibində saxlayır....
        5 günlük evə gəldiyi vaxt bir gün gecə getdim yanına dedim ki, Tərlan yerini hazırlamışam, dur rahat yat, sonra danışmaq istədim. O sakitcə çarpayıya söykənib oturmuşdu, gözlərini bağlamışdı, amma gözlərindən yaş axırdı. Mənə dedi ki, ana mənə heç nə sual vermə, danışdırma. Mənim orada yaşadıqlarımı bir bilsən. Şəhid olan əsgər yoldaşları var imiş. Onlara görə çox pis olmuşdu. Demək olar, hər axşam onları xatırlayıb, göz yaşı tökürdü. Deyirdi ki, ana təsəvvür elə, kimisə vururlar gözümüzün qabağında, bütün orqanları bizim üstümüzə tökülən əsgər yoldaşlarımız olub. Dillə deyiləsidirmi bu, dözmək olarmı?!”

        Həqiqətən hər gün bir yerdə olduğun, dərdini-sərini bölüşdüyün əsgər yoldaşın ölümünə dözmək çox çətindir. Amma müharibənin amansıq qanunları dözməyi və ruhdan düşməməyi, Vətəni və millətini qorumağı öyrədir insane. Tərlan da həm Vətənini, həm də xalqını qorumaqda hamıya bir örnək oldu. İnanırıq ki, o, hərbi xidmətini başa vurub qayıtdıqdan sonra da çalışdığı sahədə hamıya nümunə olacaq.
Murad NƏBİBƏYOV
"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru

(Aşağıdakı fotolarda: Tərlan döyüş yoldaşları ilə)