Məqalələr‎ > ‎

Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə-prokurorluq orqanlarının təşkili və fəaliyyəti

26 Oca 2021 23:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Oca 2021 23:16 güncellendi ]
“Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.” 
Heydər Əliyev




İlham ABBASOV, 
hüquq üzrə fəlsəfə doktoru, 
baş ədliyyə müşaviri, 
prokurorluğun fəxri işçisi 
Azərbaycan Respublikası 
Ədliyyə Nazirliyi 
Ədliyyə Akademiyasının 
sabiq prorektoru, (hazırda təqaüddə)


        Rusiyada 1917-ci ilin fevralında baş venniş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. Zaqafqaziyada Dövlət dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar [1, səh.5-6].
        Məqalənin yazılmasında məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə-prokurorluq orqanlarının təşkili və fəaliyyəti barədə oxucularda müəyyən təsəvvürlər yaratmaqdır. Düşünmək olar ki, bəlkə buna zərurət yoxdur, artıq tarixə çevrilmiş dövlətin hüquq mühafizə orqanlarının fəaliyyətinin öyrənilməsi öz aktuallığını itirmişdir. Bu, ilk baxışda belədir. Əslində isə, hər hansı hüquq institutunun fəaliyyətim təkmilləşdirmək, demokratik inkişaf istiqamətini müəyyən etmək, mövcud problemləri düzgün dərk etmək, onların həllinin daha səmərəli yollarını tapmaq üçün konkret hüquqi təsisatın tarixi inkişaf yolunu öyrənməyin çox böyük elmi və təcrübi əhəmiyyəti vardır.
        Ümummilli lider Heydər Əliyev demişdir: «Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin». Ulu öndərin bu kəlamı isə məqalənin yazılmasına bir növ mənəvi stimul olmuşdur 
[11, səh. 69].
        1917-ci ilin fevralında «xalqlar həbsxanası» çar Rusiyasında baş verən burjua-demokratik inqilabının qələbəsindən sonra Zaqafqaziyada siyasi proseslər özünəməxsus inkişaf yolu ilə cərəyan edir [12, səh. 8].
        1918- ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çı­ xaraq may ayının 26-da öz müstəqilliyini elan edir [1, səh 6].
        Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərilərinə gö­ türmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər [1, səh 6].
        Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi, imza etdiyi «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında» 30 yanvar 1998-ci il tarixli Sərəncamında göstərilirdi: «Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mü­ rəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hü­ quqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mə­ dəniyyət, təhsil, hərbi quruculuq sahə­ lərində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyəünin 23 aylıq fəaliyyə­ tini əks etdirən əsas istiqamətlərdir [1, səh. 3].
        Milli Şura (əslində bu qurum «Milli İslam Şurası» kimi oxunmalıdır. Ona görə də məqalədə hər yerdə «Milli İslam Şurası» işlədilmişdir -İ.A .) bitərəf Fətəli Xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ilk mü­ vəqqəti hökumətini təşkil edir [1, səh 7-8].
        Azərbaycan Milli İslam Şurasının 28 may I9l8-ci il tarixli qərarı ilə mü­ vəqqəti hökumət Fətəli Xan Xoyski başda olmaqla, 9 nəfərdən ibarət tərkibdə təşkil olunmuşdur [5, səh. 10-11]. Həmin hökumətdə Xəlil bəy Xasməmmədov Ədliyyə Naziri kimi müvəqqəti hökumətin tərkibinə daxil olur.
        Xəlil bəy Xasməmmədov kim idi?! Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. 1907- ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir. Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi vəzifəsində (1913-1917) işləmişdir. Xasməmmədov 1920- ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdur. X.H. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hö­ kumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918- ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinə­ də daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. X.H.Xasməmmədov 1947-ci ildə Türkiyədə vəfat etmiş və İstanbul şəhərində dəfn olunmuşdur [9, səh. 18-20].
        Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə Hüquq-Şurasının sədri cənab F.F.Məmmədov «Azərbaycan ədliyyəsi: dünən və bu gün» m əqalə­ sində göstərir: «Azərbaycan Demokratik Respublikasında ədliyyə sistem inin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə - 1918-ci il may ayınm 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur...» [13, səh. 72-73].
        Bu dövrdə isə Azərbaycanda m əhkəmə sistemi dağmıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların demək olar üçdə iki hissəsində müstəntiq və barışıq hakimləri yox idi, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətlərini tamamilə dayandırmışdılar. Gəncə şəhərinin Dairə Məhkəməsi öz mövcudluğunu birtəhər qoruya bilsə də, faktiki olaraq işləmirdi. Qəzalardakı bir çox banşıq hakimləri, magistratura və prokurorluq əməkdaşlan respublikanı tərk etmiş, binalan isə talan edilmişdir, dağıdılmış və yandın İmişdir. İstintaq sahəsində də eyni səbəbdən oxşar və­ziyyət yaranmışdır. Yalnız bəzi yerlərdə müstəntiqlər öz vəzifələrində qalmış­ dılar. Lakin onlarda yaranmış vəziyyətlə əlaqədar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyildirlər [14, səh. 49]. 
        Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt, Bakıda, S.Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. S.Şaumyanm rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada törədilən azərbaycanlı qırğmlanndan sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm sü­rürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli İslam Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür [1, səh. 8].
        Milli İslam Şurası 17 iyun 1918-ci ildə Yelizavetapol (Gəncə - İ.A.) şə­ hərində Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə 28 may 1918-ci ildə Milli İslam Şurası tərəfindən təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətinin istefasmı qəbul edir və Fətəli Xan Xoyskinin sədrliyi ilə yenidən 12 nəfərdən ibarət tərkibdə ikinci müvəqqəti hökumət təşkil edir. Həmin hökumətdə Xəlil bəy Xasməmmədov, əvvəlki hökumətdə olduğu kimi, Ədliyyə Naziri vəzifəsini tutur. Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökumətinin hüquq və vəzifələri haqqında qərarında göstərilirdi ki, Müvəqqəti hökumətin dövlət müstəqilliyini, mövcud siyasi azadlığı, aqrar və digər vacib məsələləri dəyişmək hü­ ququ yox idi. Həmin hökumət 6 aydan gec olmayaraq təsis yığıncağını çağırmalıydı.
        Məqalə yazılarkən, nəinki Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tə­ rəfindən qəbul edilmiş qanunlar və həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası - hökuməti tərəfindən qəbul edilmiş milli dövlət quruculuğunda mühüm əhəmiyyətə malik bir çox qərarlar da tədqiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ilk iclası yalnız 7 dekabr 1918-ci ildə Bakı şəhərində keçirilmişdir.
        Təəssüflər olsun ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fə­ aliyyəti öyrənilməmişdir. Belə ki, kommunist idealogiyası tərfindən bu mə­ sələnin öyrənilməsinə faktiki qadağa qoyulmuş, hələ bu azmış kimi, əksinə, onun fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin və o dövrün hadisələrinin mahiyyəti təhrif olunmuşdu. Qeyd etmək yerinə düşər ki, Sovetlər dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin «Milli İslam Şur asm orqanının adından «İslam» sözü mexaniki olaraq çıxan İmiş və həmin orqanın adı təhrif edilərək «Azərbaycan Milli Şurası» adlandırılmışdır [1, səh. 7].
        Hörmətli oxucular elə zənn etməsinlər ki, Böyük Oktyabr Sosialist inqilabına müəllifin münasibəti keçmiş Sovetlər Birliyinin siyasi-ideoloji maraqlan baxımından, əvvəlki mövqedə olmaqla, dəyişilməz qalır. Xarici ölkələrin müəlliflərinin əsərlərində Böyük Oktyabr Sosialist inqilabına çevriliş kimi qiymət verilir və müəllifin də mövqeyi bu məsələdə üst-üstə düşür.
        Con A.S.Qrenvill «XX əsrin tarixi (insanlar, hadisələr, faktlar)» adlı kitabında göstərmişdir ki, Lenin tərəfindən edilmiş çevrilişinin nailiyyətləri, həm­ çinin, Sovet hakimiyyətinin meydana gəlməsi və qurulması həm heyranlıq, həm də nifrət yaradır. Leninin nailiyyətlərinə o faktı da aid etmək olar ki, Marksın nəzəriyyəsini təcrübədə tətbiq etmişdir [10, səh. 111].
        Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövriudə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət vermişdir.
        Öz təsir dairəsinin bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918- ci il iyunun 16-da Azərbaycan Milli İslam Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə anarxiya dövrünün (Bakı Kommunası dövrü nəzərdə tutulur - İ.A.) müxtəlif adlı məhkəmələri və məhkəmə ftınksiyalı komissiyaları ləğv edildi və həmin qərarla Bakı Dairə Məhkəməsinin ona tabe olan idarələri, o cümlədən prokurorluğun fəaliyyəti bərpa edildi [2, səh. 1].
        Həmçinin. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 noyabr 1918- ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir [4, səh. 1- 12]. Təsadüfi deyildir ki, həmin tarix əsas götürülərək ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti kimi, imzaladığı 11 noyabr 2001 -ci il tarixli Fərmanı ilə hər ilin 22 noyabrı Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.
        Azərbaycan Xalq Cümhuriyyəti N azirlər Şurasının təsdiq etdiyi 22 noyabr 1918-ci il tarixli qərarı ilə təsdiq edilmiş Ədliyyə Nazirliyinin Əsasnaməsi cəmi 9 maddədən ibarət olmuşdur. Əlbəttə, həmin Əsasnamə bugünkü qanunvericilik texnologiyasının meyarları baxı­ mından bəsit görünür. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin strukturu aşağıdakı kimi təsdiq edilmişdir:
        1) Ədliyyə Naziri;
        2) Ədliyyə Nazirinin yoldaşı (müavini - İ.A.);
        3) Nazirin yanında məsləhətxana;
        4) Nazirliyin dəftərxanası.
        Göründüyü kimi, həmin vaxt Ədliyy ə Nazirliyinin strukturu çox sadə və ştat vahidləri az sayda olmuşdur [4, səh. 2- 3].
        Əsasnamənin 2-ci maddəsinə əsasən, Ədliyyə Naziri nazirliyin fəaliyyətinə ümumi rəhbərlik edirdi. Ədliyyə Naziri eyni zamanda Baş Prokuror və həm­ çinin. türmələr üzrə himayədarlıq cə­ miyyətinin prezidenti hesab edilirdi.
        Əsasnamənin 3-cü maddəsində göstərilmişdir ki, Ədliyyə Nazirinin yoldaşı Nazirin yaxın köməkçisi və nazir olmadıqda onu əvəz edən şəxs səlahiyyətlərini icra edirdi.
        Azərbaycan Xalq Cümhuriyyəti kiçik Nazirlər Şurasının 22 noyabr 1918-ci il tarixli qərarı ilə nazirliyin ştat cədvəli və işçilərin aylıq əmək haqları da təsdiq olunmuşdur. Belə ki, Ədliyyə Nazirliyinin, Nazir də daxil olmaqla, 22 nə­ fərdən ibarət ştat cədvəli təsdiq edilmişdir. Həmin cədvəldə əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanılması üçün illik vəsaitin də məbləği göstərilmişdir.
        Ədliyyə Nazirliyinin ştatı Nazir, Nazirin yoldaşı (Nazir müavini - İ.A), Dəftərxananın direktoru və direktorun müavini, Böyük hüquq məsləhətçisi, Nazirin katibi və kargüzar, 5 nəfər dəftərxana işçiləri, 3 nəfər reminqtonist (makinaçı - İ.A.) və 3 nəfər kuryer, beləliklə 11 nəfər işəmuzd işçilərdən (rütbəsiz, texniki işçilər - İ.A) ibarət təsdiq edilmişdir.
        Göründüyü kimi, həmin vaxt Ədliyyə Nazirliyinin ştatı cəmisi 22 nəfərdən ibarət, çox sadə və məhdud sayda olmuşdur. Bu həm də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyinin dövlətin idarə etmək təcrübəsinin olmaması və ixtisaslı kadrların çatışmazlığından irəli gəlirdi. Lakin təsadüfi deyildir ki. Ədliyyə Nazirliyinin rəhbərliyi Nazirliyin ştat vahidlərinin artırılması barədə 28 noyabr 1919-cu il tarixdə 8089 №-li məktubla Parlamentin Sədrinə müraciət etmişdir [4, səh. 5-12].
        Hökumətin 1919-cu il 11 avqust və 1 sentyabr tarixli qərarlan ilə qulluqçuların sayı 1920-ci ilin əvvəlinə olan mə­ lumata görə 35 nəfərə çatmışdı [13, səh. 52 ].
        Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən biri də bu idi ki, cəza- çəkmə müəssisələri, istintaq təcridxanalan (həmin dövrdə bu müəssisələr həbs evləri adlanırdı - İ.A.) Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli Qərarı ilə həbsxana işləri (bü­ tün cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları başa düşülür - İ.A.) DİN-nin tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə verilir [8, səh. 344].
        Çox təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə Azərbaycan Respublikası zorla sovetləşdiriləndən bir müddət sonra cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları yenidən Xalq Daxili İşlər Komissarlığının tabeçiliyinə verildi. Yalnız 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra islah- əmək müəssisələri (indiki cəzaçəkmə müəssisələri - İ. A.) və istintaq təcridxanalan Daxili İşlər Nazirliyindən alınaraq, Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.
        Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşamışdır onun hökuməti ədliyyə və məhkəmə orqanları üçün kadr hazırlıq işinə böyük əhəmiyyət vermişdir.
        1919-cu ilin iyunundu gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 6 aylıq kurslar açıldı. Seçilmiş 11 nəfər gəncdən 9 nəfəri ştatlı vəzifəyə, təyin edilmiş bir nəfər isə barışıq sahə­ sinin müdiri vəzifəsinə təyin edilmişdir [5, səh. 7].
        1919-cu il dekabrın 22-də Azərbaycan Respublikası Məhkəmə Palatasının sədri tərəfindən Ədliyyə Nazirinə «Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqınla» Qanun layihəsi təqdim edilmişdi. Qanun layihəsində göstərilirdi: «Orta təhsil məktəblərinin ən azı altı sinfini bitirmiş Azərbaycan vətəndaşlarının hazırlığı çün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kursları təsis edilsin» [6, səh. 5].
        Azərbaycan Xalq Cümhuriyyəti prokurorluq institutunun, ədalət mühakiməsinin həyata keçirilməsində prokurorluğun mühüm əhəmiyyəti nəzərə alaraq, Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qəran ilə Bakı Dairə Məhkəməsi və ona tabe müəssisələrin, eyni zamanda prokurorluğun fəaliyyəti bərpa edilmişdir [2, səh. 1]. Təsadüfii deyildir ki, elə həmin tarix əsas götürülərək Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 17 iyul 1998- ci il tarixli Sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır [7, səh. 69].
        Azərbaycan Xalq Cümhuriyyəti N azirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qəran ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilir. Əsasnamənin 5-ci maddəsinə əsasən Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda yoldaşı (müavini - İ.A) olur. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq, 1864-cü il N izamnamələri və Müvəqqəti Hökumə­ tin 191 7-ci ildə verilən müvafiq qanunları ilə müəyyən olunurdu. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin hakimiyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilirdi [3, səh. 1-4].
        Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanları haqqında geniş və hərtərəfli müvafiq normativ hüquqi akt qəbul edilməmişdir. Səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin kifayət qədər dövləti idarə etmək təcrübəsi yox idi. Digər tərəfdən, əsas səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti, nisbətən qısa müddət - cəmisi 23 ay yaşamışdır.
        Nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 23 iyun 1918-ci il tarixdə «Rusiya və Zaqafqaziya qanunlanmn qüvvəsinin müvəqqəti saxlanılması haqqında» qərar qəbul etmişdir. Həmin qərara görə hazırda qüvvədə olan idarə və məhkəmələrin bütün sahələrini əhatə edən qanunlar, nəzərdə tutulmuş şəkildə, hökumət tərəfindən ləğv və ya dəyişilməyincə öz qüvvəsini saxlayır [8, səh. 193].
        Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq məhkəmə orqanlannın tərkibində fəaliyyət göstərməklə, əsasən məhkəmədə dövlət ittihamı müdafiə etmək funksiyasını həyata keçirirdi. Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti prokurorluğunun fəaliyyəti ilə bağlı normativ hüquqi aktlarında prokurorluğun ibtidai istintaqda iştirakı və nəzarəti nəzərdə tutulmamışdı.
        Ədliyyə nazirinin Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ünvanlanan 8 dekabr 1918-ci il tarixli
mimnaməsi ilə prokuror müavinlərinə, habelə «ibtidai istintaqın aparılmasına faktiki göz qoyulması» vəzifəsi də hə­ valə edilirdi [15, səh. 49].
        Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti cinayət prosesində ittihamı müdafiə və məhkəmə orqanlarında qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata ke­ çirirdi. Respublika Prokuror Nəzarətinə Baş prokuror rəhbərlik edirdi, o, habelə Ədliyyə naziri kimi, ali məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilirdi. «Ədliyyə Nazirliyi haqqında Əsasnamədə müvafiq olaraq, həbsxanalara himayədarlıq cəmiyyətinin prezidenti idi [15, səh. 48-49].
        Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi, onun məhkəmə, prokurorluq və ədliyyə orqanlan, nisbətən qısa müddət yaşasa da, şərəfli bir yol keçmiş və onun hər səhifəsi xalqımızın yaddaşmda əbədi olaraq qalacaqdır. 
* * *
        İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT: 

        1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafık hesabatlar), 1 cild, Bakı- 1998, 974 səh.
        2. Azərbaycan Respublikası Dövlət Arxivi, f. 100, siy 2, iş 22, v. 1.
        3. Azərbaycan Respublikası Dövlət Arxivi, f. 100, siy 4, iş 2, v.1-4.
        4. Azərbaycan Respublikası Dövlət Arxivi, f.100, siy 2, iş 292, v. 1-12.
        5. Azərbaycan Respublikası Dövlət Arxivi, f.100, siy 2, iş 78, v. 116.
        6. Azərbaycan Respublikası Dövlət Arxivi, f.100, siy 2, iş 91, v. 5.
        7. Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları (iyul-sentyabr 1998-ci il), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi Şöbəsinin nəşri, Bakı- 1998, səh.69.
        8. Aзербайджанская Демократическая Республика (19l8-1920г.г.). Законодательные акты (Сборник документов). - Баку, издательство «Азербайджан», 1998. - 423 с.
        9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, «Lider nəşriyyat», 2005,472.
        10.Джон А.С.Гренвилл, «История XX века (люди, события, факты)». Издательство «Aквариум» - 1999, c. 111.
        11. H. Ə. Əliyev, «Müstəqillik yolu», seçilmiş fikirlər, B akı-1997, 135 səh.
        12. N .L.Nəsibzadə, «A zərbaycan Dem okratik Respublikası (Məqalələr və sənədlər)», Bakı Elm -1990, 94 səh.
        13. F.F.Məmmədov. «Azərbaycan ədliyyəsi: dünər və bu gün», «Dirçəliş XXI əsr» jurnalı, 2001- ci il, Xe 1-2, səh, 72-73.
        14. R.Ə.Rzayev; İ.A.Allahverdiyev. “Azərbaycan Ədliyyəsi: ilk addımlar”. “Qanunçuluq” jurnalı, № 1, Bakı-2002., səh 48-52.
        15. Dəmirov M.Ə.Azərbaycan prokurorluğu: tarix və müasirlik, Bakı - “Azərnəşr”, 1997, 192 səh.

Mənbə: ELMİ-NƏZƏRİ, TƏCRÜBİ JURNAL, № 1, 2013.