Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan olunub. AMEA Şəki Regional Elmi Mərkəzinin baş elmi işçisi, professor Nizami Gəncəvi özünün zəngin və hərtərəfli yaradıcılığı ilə bəşəriyyəti daim düşündürən humanist, əxlaqi ideyaları tərənnüm etmişdir. Ədalət, sülh, insanpərvərlik, mərhəmət, mənəviyyat, xeyirxahlıq, əməksevərlik, dostluq, qardaşlıq və s. əxlaqi keyfiyyətlər Nizami yaradıcılığında əsas yer tutur. Buna görə də Nizaminin əsərləri səkkiz əsrdən artıqdır ki, həmişə olduğu kimi, bu gün də aktual və müasirdir. Nizamini tarix boyu dünyada şöhrətləndirən onun Xəmsə adlı beş əsəridir. Nizaminin əsərləri qüvvətli tərbiyəedici gücə malik olduğundan uzun illər boyu dahi sənətkarın əsərləri nəsillərin tərbiyəçisi olmuş, yeni nəsillər ondan müdrik məsləhətlər almış, dəyərli öyüdlər qazanmışlar. Nizami poeziyası adamları xeyirxahlığa, yaxşılığa, darda qalanların əlindən tutub kömək etməyə çağırır. Nizaminin fikrincə, sən başqasına kömək edərsənsə, başqası da bir gün sənə köməyini əsirgəməz. Bu mənada Nizami yazır: Bacarsan hamının yükünü sən çək, İnsana ən böyük şərəfdir əmək Sən də əldən düşüb yorulsan əgər Sənin də yükünü bütün el çəkər. Nizaminin fikrincə, yaxşılıq etməyi bacarmaq insan üçün mənəvi zənginlikdir. Belə mənəvi kamilliyə çatmağı, xeyirxah olmağı, başqalarına yaxşılıq etməyi bacarmaq lazımdır. Bu fikir aşağıdakı misralarda öz ifadəsini belə tapmışdır: Yaxşılıq etməsən əgər insana Böyüklük şərəfi verilməz sana (Leyli və Məcnun) Yaxud da: Səadət kamalla yetişir başa Xalqa hörmət elə, ədəblə yaşa. (Leyli və Məcnun) Nizami əsərlərində haqqında danışılan, təbliğ edilən xeyirxahlıq, yaxşılıq tək bir adama, yaxud ayrı-ayrı fərdlərə göstərilən münasibət olmayıb ictimai məna daşıyır: Çalış öz xalqının işinə yara Geysin əməlindən dünya zər-xara. Şairin öz dövründə adamlarda görmək istədiyi və mənəvi keyfiyyət hesab etdiyi xeyirxahlıq, yaxşılıq, anlayışları heç bir zaman məhdudluq bilmir, həmin fikirlər bu gün də aktual və mənəvi keyfiyyət sayılır və məktəblilərin mənəvi tərbiyəsində Nizami irsinin böyük rol oynadığını təsdiq edir. Nizami insanları yaxşılığa, xeyirxahliğa çağırdığı kimi, adamlarda bu mənəvi keyfiyyətləri qiymətləndirməyin vacib olduğunu da əxlaqi keyfiyyət hesab edir. Nizami şeirlərindən, ayrı-ayrı əsərlərindən gətirilən missallardan aydın olur ki, Nizami pedaqoji ideyalarında tərbiyənin məqsədi xoşbəxtliyin yalnız tək-tək adamlarla bağlı olmadığını, onun bütöv bir cəmiyyətə bağlı olduğunu göstərməkdir. Əlbəttə, insanların xoşbəxtliyi, cəmiyyətin xoşbəxtliyinə gətirib çıxarır. Nizami insan xoşbəxtliyindən danışarkən heç bir millət fərqini, cinsi ayrılığı, sinfi mövqeyi nəzərə almır. Şairin əsərlərindən belə nəticəyə gəlmək olur ki, Nizaminin bütün şeirləri mənəvi, əxlaqi fikirlərlə yoğrulmuş, onun misraları insanları humanizmə, ədalətə, qayğı və mərhəmətə, nikbinliyə, doğru və dürüst olmağa, əməksevərliyə, vətənpərvərliyə və s. ən yüksək əxlaqi , mənəvi keyfiyyətlərə səsləyir. Nizami elmə, biliyə yüksək əxlaqi qiymət verir. Elmsiz insanın qüvvətsiz olduğunu bildirir. Nizami xalqı öz taleyinə laqeyd qalmamağa, hüquqlarını başa düşüb, haqlarını tələb etmək üçün maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insana xeyir gətirən, faydalı biliklərə yiyələnməyə çağırırdı. Nizami göstərirdi ki, cəmiyyətin ən yaxşı vətəndaşı ancaq təhsilli, elmə qabil, maarifpərvər və müdrik olan insanlardır. Buna görə də hər bir şəxs ağıllı olmağa, biliklərə yiyələnməyə, müdrik insanlardan öyrənməyə çalışmalıdırlar. Nizami son nəticədə göstərir ki, biliyi olan qüvvətlidir: Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz. Nizami keyfiyyətli biliyi, həqiqi biliyi əsil bilik sayır və gəncliyə xitabən deyir: Bir elmi öyrənmək istədikdə sən Çalış ki, hər şeyi kamil biləsən Kamil bir palançı olsa da insan Yaxşıdır yarımçıq papaqçılıqdan. Şair elmə yüksək qiymət verdiyi kimi elm adamına, alimə yüksək qiymət verir və alimin rütbəsinin bütün rütbələrdən uca olduğunu söyləyir, bütün elmlərin açarının alimlərdə olduğunu bildirir: Hər uca rütbədən biliniz fəqət, Alimin rütbəsi ucadır əlbət... Nizamiyə görə təlim prosesi insana bilik verməklə bərabər həm onu maddi, həm də mənəvi cəhətdən yüksəldir. Nizaminin fikrincə, təlimin son həddi yoxdur. O, insanı həmişə təkmilləşdirməli, həm də mənəvi cəhətdən zənginləşdirməlidir. Nizami bir əxlaqi keyfiyyət kimi dosluq və yoldaşlığa yüksək qiymət verir və qeyd edir ki, adamlar üzdə bir cür, dalda başqa cürdür. Şair həqiqi, sadiq dost tapmağı məsləhət görür: Elə sadiq dost ara, səni darda qoymasın Çəkib tordan çıxarsın, səni torda qoymasın. Nizami poeziyasının əməksevərlik ideyaları əsrlərdən bəridir ki, Azərbaycan pedoqoji fikrində özünəməxsus yer tutur. Kərpickəsən qocanın hekayəsi əməksevərlik baxımından çox ibrətamizdir. Cavan oğlan qoca kərpickəsənə daha asan işlə məşğul olmağı məsləhət gördükdə qoca cavanı utandıracaq şəkildə belə deyir: Qarşında boyun büküb əl açmayım deyə mən Əzəldən əl atmışam belə bir peşəyə mən. Nə xəzinə yığanam, nə də tirmə geyənəm, Öz halal zəhmətimin çörəyini yeyənəm. Nizami düzlük, mərdlik, sadəlik, xoşxasiyyətlilik kimi keyfiyyətləri gənc nəsildə tərbiyə etməyi məsləhət bilirdi. Nizamiyə görə düzlük və doğruçuluq böyük mərdlikdir. Nizami həddən artıq yumşaq, mülayim olmağı, yersiz təvazökarlığı ciddi nöqsan saymışdır. Nizami hər cür fəaliyyətdə orta mövqeyin tutulmasını məsləhət görür. Çoxun da, azın da zərərli olduğunu bildirir. Amma, onun ideyalarında orta hədd Qızıl hədd adlandırılır. Səbrli olmaq, sirr saxlamaq, qənaətcil olmaq yüksək əxlaqi keyfiyyətlər sayılır. Nizami öz dəyərli misralarında bu əxlaqi keyfiyyətləri dilə gətirir və insanlara səbrli olmağı, sirr saxlamağı, qənaətcil olmağı tövsiyə edir. Bu istiqamətdə Nizami misralarından bir neçə nümunəyə diqqət yetirək: Səbr etməklə insan yetər kamına Yavaş-yavaş çatar dilaramına... Ovçu səbirsizlik göstərsə əgər, Ovu nişanəyə dəyməz , yan gedər. (Yeddi gözəl) Hər kim qənaətlə əgər şad olar, O hörmətli olar, sərazəd olar. Kim saxlasa dilini, görməz canı xətanı, Dil gətirər başlara, hər bəlanı, xətanı. (Sirlər xəzinəsi) Nizami mahir bir pedaqoq kimi təlim tərbiyə işlərində yaş dövrlərinin nəzərə alınmasının böyük əhəmiyyəti olduğunu bildirmiş və özü əsərlərində bu məsələyə toxunmuşdur. Nizami yaş dərəcələrindən danışarkən o böyük filosof, tarixdə İlk müəllim hesab edilən Aristotelin 7-7 yaş bölgüsünü bəyənmiş və onu təqdir etmiş və oğlu Məhəmmədə 7, 14, 21 yaşlarında nəsihətamiz şeirlər yazmışdır. Əlbəttə, Nizaminin oğluna nəsihətini bütün yetişən gənc nəsillər üçün də öyüd, nəsihət kimi qəbul etmək olar. Nizami 7 yaşlı oğlu Məhəmmədə yazdığı ilk nəsihətamiz şeir belədir: Biliyə rağib ol, dünyanı qazan, Sən əsmanı oxu, məna alarsan, Vaxtı boş keçirmə qələm al ələ, Allahın əmri ilə bilik kəsb elə. Nizami 14 yaşlı Məhəmmədə isə belə ibrətamiz şeir yazmışdır: Sən ey 14 yaşlım, hər elmə yetkin, Gözündə əksi var iki aləmin. 7 yaşar oldun o zaman ki, sən Açıldı gül kimi güləndə çəmən, İndiki çatmışdır yaşın 14-ə, Başın sərv kimi durur göylərdə. Qəflətdə oynama, qeyrət vaxtıdır, İndi hünər vaxtı, şöhrət vaxtıdır. Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat. Nizami 21 yaşlı Məhəmmədə şeirlə aşağıdakı tövsiyələrini verir: Ey oğul , sənədir sözüm, yaxşı bax. Çünki mən yatıram, sənsə qal oyaq. Adın xoş gülüdür əbədiyyətin, Məhəmməd isminin möhrüsən, mətin. Adına yaxşılıq sikkəsini çal, Böyük şöhrət qazan, göylərə ucal. Yaxşı ad qazanmış gözəl dost ara, Onda yetişərsən ağ günə, vara. Xoş ətirli bir dost yaxındır inan Hərzə-hərzə durub danışanlardan. Bir dostun olsa da eyibli əgər, Yüzünün adına ləkə gətirər. Ehtiyatsız bir quş düşərsə tora, Başqa yüz quşu da sürüklər ora. Məkkənin yolunda uddu biri zər, Oğrular yüz qarın yırtdı sərasər. Yatma qoca kimi bu yolda aman, Zalımdan özünü qoru hər zaman. Baxma ki, oynaqdır atın, ayıq ol, Yadından çıxmasın görsən bəd gövhər, Əqrəbi öldür ki, yetirər zərər. Hünər ardınca qoş, xalqa hünər saç, Qapılar bağlama, ər ol, qapı aç. Hər kim öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar. Ancaq öyrənməyi ar bilən insan Məhrumdur dünyada bilik almaqdan. Çox iti zehinlər yatan oldular, Axırda saxsı qab satan oldular. N.Gəncəvi şəxsiyyətin formalaşmasında irsi amillərin roluna yüksək qiymət verir. O dahi flosof Aristotelin dili ilə insanlara məsləhət görür ki, zatı pis olana etibar edib, iş tapşırmaq qurdu bəsləməyə bənzər: Zatı pis olana üz göstərmə sən, Qurdu bəsləməkdən ziyan çəkərsən. Bədgövhər adamla heç addım atma, Öz təmiz kimyanı küllərə qatma. Nizaminin dəyərli nəsihətamiz əsərlərində tərbiyənin bütün sahələri öz əksini tapmış və Azərbaycan pedoqoji fikrində Nizami ideyaları əməyə, zəhmətə qatlaşmaqda, elm, bilik qazanmaqda, peşə, sənət dalınca getməkdə, yaxşı dostlar tapmaqda, ümumiyyətlə, kamil bir insan kimi formalaşmaqda gənclərə əsrlər boyu tərbiyəçi, yol göstərən müəllim olmuşdur. Şəki, 2021-ci il |
Məqalələr >