Məqalələr‎ > ‎

31 Mart soyqırımı bəşəri cinayətdir

30 Mar 2021 22:49 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 31 Mar 2021 00:09 güncellendi ]
Martın 30-da Şəki Bələdiyyəsinin kollektivi 31 mart 
Azərbaycanlıların soyqırımı 
gününə həsr olunmuş 
tədbir keçirib. 








        Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Şəki Bələdiyyəsinin sədri Mayis Allahverdiyev açaraq, Vətənimizin tarixində xoş günlərlə yanaşı, ağrılı-acılı anların da çox olduğunu diqqətə çatdırdı. O, ən xoş günlərdən biri kimi ötən il müzəffər Azərbaycan Ordusunun erməni faşizmi üzərində çaldığı qələbə münasibəti ilə Zəfər Paradı keçirilmiş 10 noyabr tarixini xatırlatdıqdan sonra , 1918-ci ilin 31 mart-4 aprel tarixlərində erməni millətçiləri tərəfindən törədilən qətliamı xalqımızın ağrılı-acılı günlərindən biri kimi qələmə verdi. Bələdiyyə sədri 102 il bundan qabaq həyata keçirilmiş soyqırımı barədə məlumat verərək, həmin gün on minlərlə günahsız azərbaycanlının yalnız müsəlman-türk olduğuna görə qətlə yetirildiyini bildirdi. Mayis Allahverdiyev dedi: “1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı Quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra, milliyyətcə erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin edib və nəticədə bu soyqırımı aktı törədilib. Bu amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar”.
        Sonra bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov çıxış edərək 31 mart soyqırımı məsələsinə uzun müddət heç kimin reaksiya vermədiyini, məhz Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə hüquqi-siyasi qiymətin verildiyini qeyd etdi. İntiqam Əşirov ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımı aktlarının tarixi faktlarda əksini tapdığını söyləyərək əlavə etdi ki, ermənilərin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasını tələb etmək üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var: “1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində azərbaycanlılara qarşı gizli-aşkar şəkildə soyqırımı, repressiyalar aparılıb. Təkcə 1918-1920-ci illərin mart-aprel aylarında qanlı hadisələr. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada 1905-1907 və 1918-1920-ci illərdə baş vermiş iki qırğın zamanı 2 milyona yaxın azərbaycanlı nankor qonşularımız tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub”.
        Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva öz çıxışında Ermənistanın tarix boyu törətdikləri qırğınların, soyqırımların əsas məqsədinin Azərbaycan ərazisində “böyükErmənistan dövləti” yaratmaq ideyasından irəli gəldiyini bildirib. Səyyarə xanım qeyd etdi ki, bu siyasəti hazırda da Ermənistan adlanan dövlət eyni qəddarlıq və insanlığa sığmayan vəhşiliklə davam etdirmək üçün əlindən gələni edir. Lakin artıq onlar bu arzularının həyata keçdiyini ancaq yuxuda görə bilərlər. Azərbaycan Ordusu artıq erməni faşistlərinə öz gücünü göstərdi və bir daha onlar Azərbaycana qarşı silahlı hücum etmək fikrinə düşsələr, yenə də öz layiqli cavablarını alacaqlar.
        Bələdiyyə sədrinin müavini Elşən Nəsibov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi silahlı basqınların hamısında heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsinin bəşəri bir cinayət olduğunu bildirdi. E.Nəsibov bir əsrdə iki dəfə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımların bu vaxta qədər beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməməsinə də diqqət çəkdi..
        Toplantıda iştirak edən bələdiyyə üzvləri də çıxış edərək 31 Mart soyqırımından söhbət açdılar.

Murad NƏBİBƏYOV,
Şəki Bələdiyyəsi Mətbuat və 
ictimaiyətlə əlaqələr şəbəsinin müdri