Ağa RAMAZAN Əli Kərim, Məmməd Araz, Bəxtiyar Vahabzadə. Əli Kərim öləndə, Məmməd Araz hönkürüb, Saçlarını yolurdu. Məmməd Araz öləndə, Vahabzadə Bəxtiyar, Növbə mənimdir deyə, Şairə qovrulurdu. Vahabzadə ölən gün, Sanki şeir dünyası, Göylərə sovrulurdu. Görən qaytara bildi, Kimsə ana borcunu? Kimsə iki sevgiylə, Yoxladımı bürcünü? Ömür əziyyətlə itdi, Hər şey “Vəsiyyət”lə bitdi. Əli Kərim dünyası, Çevrilib oldu bir gün, Əli Kərim röyası. Sənə, mənə qalmayan, Bu dünyanın dərkini, Qayasında bitməyən, Azərbaycan ərkini, Bu da bir ömürdü ki, “Yaşadım”la dərkini, Görən duydumu insan? Sonu buydumu insan? Ürək oldu tənbölən, Ömür də sona yetdi. Araz dərdiylə gələn, Başqa dərdinən getdi. İçimizin dərdləri, Çölümüzü kor etdi. “Dünyaya kimlər gəldi, Dünyadan kimlər getdi” Qəddimizi əymədik, Bir salama dəymədik. Dilimiz təzələndi, Başqa dildə danışdıq. Dinimiz təzələndi, Günahlarla barışdıq. Gülüstanla başladı, Qarabağla qurtardı. Nə qədər yazılsa da, Deyiləcək, var ardı. Günə, aya bölünən, Ömür dərdi bitməyir. Oda, suya bölünən Sevda dərdi bitməyir. Toya, yasa bölünən Dünya dərdi bitməyir. Şairlər gəlir, gedir, Sözü heç vaxt itməyir. Siz ey dönməz şairlər, Siz ey ölməz şairlər, Bizdən əvvəl gələnlər, və yaxud və sairlər. |
Poeziya >