Xəbərlər‎ > ‎

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

10 Ara 2020 23:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Ara 2020 23:33 güncellendi ]
        Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər.

        AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 4-də ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, saat 12:00-da Şəki şəhərində və rayonun yaşayış məntəqələrində ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Həmin gün Şəki şəhər Cümə məscidində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
        Dindarların və şəhid ailə üzvlərinin iştirak etdiyi anım mərasimində bildirilib ki, xalqımız Vətən torpaqlarının erməni işğalından azad olunacağı günü 30 ildir ki, böyük səbirsizliklə gözləyirdi. İnanırdıq ki, vaxt gələcək, Vətənimizin başı üzərindəki qara buludlar çəkiləcək, mənfur düşmənin ayağı birdəfəlik doğma torpaqlarımızdan yox olacaq.
        Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.
        Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın. Qədim Şəki diyarı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşına yüzlərlə qəhrəman övladını yola salıb, şəhidlər verib. Onların əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır.
        AZƏRTAC-ın bölgə müxbiri məscidin həyətində şəhidlərin ailə üzvləri ilə söhbət edib. Şəhid atası Məhəmməd Cabbarzadə deyib: “Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı və tapşırığı ilə bu gün respublikamızın hər yerində Vətən müharibəsi şəhidlərinin anım günü keçirilir. Belə bir gündə Vətən uğrunda şəhid olan övladlarımızın xatirəsinin anılması biz valideynlər üçün böyük şərəfdir. Oğlum Məmmədiyyə hərbçi kimi Beyləqanda xidmət edirdi. Mənfur düşmənlərimizin sentyabrın 27-də törətdiyi təxribatların qarşısını alarkən ilk döyüşlərdə şəhid olub. Gizir idi, 34 yaşı var idi. Fəxr edirəm ki, Vətənini, torpağını sevən, ərazi bütövlüyümüz uğrunda canını fəda verən belə bir oğul böyütmüşəm. Şəhid atası olduğum üçün başımı həmişə uca tuturam. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.
        Şəhid Elnur İsmayılovun atası Arif kişi deyib: “Döyüşlər başlayarkən oğlum Füzulidə xidmət edirdi. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə mühasirəyə düşən əsgərlərimizi xilas edərkən qəhrəmancasına şəhid olub. Vətən sağ olsun. Mən özüm I Qarabağ müharibəsinin qazisiyəm. Şəhid atası olmağımdan qürur duyuram”.
        Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Hacı Kamran Məmmədov deyib: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmənə güclü zərbələr endirdi və biz qəlib gəldik. Bu qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda, dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olduq. Tanrı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, firavanlıq nəsib eləsin. Şəhidlik zirvəsinə ucalmaq böyük şərəfdir. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin!”.