Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsi onlayn iclasda iştirak etmişdir

21 Nis 2021 01:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Nis 2021 01:48 güncellendi ]
Aprelin 20-də Şəki Regional Ədliyyə İdarəsi onlayn iclas keçirmişdir. 









        
        Tədbiri idarənin rəisi Abdulla Yusifov Nizami Gəncəvinin sözləri ilə açaraq, bildirdi ki, dahi şairin yubileyləri ölkəmizdə həmişə böyük təntənə ilə keçirilmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi respublikamızda, eləcə də ölkəmizin hüdudlarından uzaqlarda onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Abdulla Yusifov onu da əlavə etdi ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. 
Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Bu il də Nizami Gəncəvinin 880 illik yubileyi ilə “Nizami Gəncəvi ili” elan edilməsi onu göstərir ki, Azərbaycan xalqı özünün dahi oğullarına hər zaman böyük diqqət yetirir və onların xatirəsini əbədi yaşadır.
        Sonra tədbir bələdiyyələrin cari vəziyyəti ilə bağlı təhlillərə həsr edilmişdir. Elektron xidmətlər sahəsində olan yeniliklərdən danışan Zaur Xəlilov bildirmişdir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı olaraq portallardan istifadə, o cümlədən rəsmi saytların təkmilləşdirilməsi bələdiyyələrin fəaliyyətinin təbliği istiqamətində labüd məsələdir.
        Regional Ədliyyə İdarəsinin əməkdaşı Siracəddin Rüstəmov tədbir iştirakşılarına qanunvericiliyin tələbləri haqqında məlumat vermişdir. O, əsasən qanunvericilikdə baş verən yeniliklər və onların bələdiyyələrin gələcək fəaliyyətində istifadəsindən danışmış, tövsiyyə xarakterli məsələlərə toxunmuşdur.
        Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, verilmiş suallar cavablandırılmışdır.
Şəki Bələdiyyəsi, Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi