Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsində Xocalı soyqırımı yad edildi

25 Şub 2021 03:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2021 03:26 güncellendi ]
"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz 
qəddarlığı və qeyri-insani 
cəza üsulları ilə bəşər 
tarixində 
bir vəhşilik aktıdır. 
Bu soyqırım, eyni 
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev



        Bu gün, fevralın 25-də Şəki Bələdiyyəsinin kollektivi XX əsrin ən böyük cinayəti hesab edilən Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi. Tədbir iştirakçıları əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xain qonşumuz Ermənistanın silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində qətlə yetirilmiş azərbaycanlıların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

        Tədbiri bələdiyyənin sədri Mayis Allahverdiyev açaraq, 
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğuladı. Sədr çıxışına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hələ Xocalı soyqırmının on illiyiyi münasibətilə xalqımıza müraciətində qeyd etdiyi "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu." sözləri ilə davam etdi. O, əlavə etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Həmin müddətdə soydaşlarımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar daşnaklar tərəfindən həyata keçirilmiş kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən zor gücünə qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
    
    M.Allahverdiyev çıxışının sonunda Azərbaycanın ötən ilki möhtəşəm Qələbəsini xatırladaraq əlavə etdi ki, artıq uzun illərdən bəri həsrətini çəkdiyimiz Qarabağımızı Ali Baş Komandanın rəhbərliyi və Milli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində mənfur düşmənin işğalından qurtardıq. İndi ürəklə deyə bilərik ki, Vətən torpaqları uğrunda canından keçmiş Şəhidlərimizin ruhu şad olmuşdur. 
        Bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov öz çıxışında əvvəlcə onu vurğuladı ki, uzun illər ərzində bütün beynəlxalq hüquq normalarına zidd olaraq nankor qonşularımız Dağlıq Qarabağı özünə birləşdirmək xülyasında olmuş, bu yolda bütün cinəyət və vəhşiliyə əl atmışlar. XX əsrin faciəsi olan Xocalı qətliamı da bu aqressiv və cinayətkar daşnak siyasətinin nəticəsi idi. Ötən əsrin sonuna yaxın baş vermiş bu faciə təkcə bizim deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. Xocalı qətliamı Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələrilə bir sırada dayanır. İ.Əşirov onu da əlavə etdi ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim kurqanları, maddi-mədəni irsi və digər tarixi abidələri insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri olmuşdur və erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktı kimi özünü təsdiq etmişdir. İ.Əşirov da çıxışında ötən ilin noyabrında Şanlı Ordumuzun qələbəsini xadırladaraq, vurğuladı ki, artıq erməni faşistləri Azərbaycanımızın gücünü gördü və gələcəkdə öz miskin xülyaları ilə bizim qarşımıza çıxa bilməyəcəklərini anladılar.
        Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva öz çıxışında Xocalıda qətlə yeririlmiş soydaşlarımızdan danışdı. O, bildirdi ki, 1992-ci il fevralın 25-i və 26-da daşnak hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı törətdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki, mühasirədə qaldığı 4 aydan artıq bir müddətdə blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı qətliamı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldıqları güllə yaralarından əlil oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qocalar olduğunu vurğulayan S.Musayeva onu da əlavə etdi ki, cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü və onların 150-sinin taleyi indi də məlum deyil.
        Bələdiyyə sədrinin müavini Elşən Nəsibov Xocalı qətliamının erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildiyini vurğuladı. O, əlavə etdi ki, Xocalıya hücumda Qarabağ müharibəsinin əsas simalarından biri, Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərin fəal iştirakçısı, o vaxt 366-cı motoatıcı alayın zabiti olan mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. E.Nəsibov onu da vurğuladı ki, 
1999-2007-ci illərdə qondarma "DQR"-in müdafiə naziri, sonra 2016-cı ilədək Ermənistanın müdafiə naziri olan general Ohanyan İkinci Qarabağ Müharibəsi zamanı yenidən Qarabağa gəlmiş və 2020-ci il noyabrın 6-da Azərbaycan Ordusunun həmlələri nəticəsində oğlu ilə birlikdə ağır yaralanmışdır. Bununla da nankor qonşularımız başa düşməlidirlər ki, azərbaycanlılar nə qədrə səbr etsələr də, sonda düşməndən yetərincə qisas almağı bacaran xalqdır.
        Tədbirdə digər çıxış edənlər Xocalı qətliamının epizodlarını yad etməklə bir daha ermənilərin bizə qarşı əsrlərlə davam edən düşmən münasibətlərindən söz açdılar. 
Murad NƏBİBƏYOV,
Bələdiyyənin Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsinin müdiri