Məqalələr

Bütün məqalə başlıqları (əlifba sırası ilə)


Şəki ilə qardaşlaşmış ŞƏHƏRLƏR

17 Tem 2021 00:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Ağu 2021 02:32 güncellendi ]

    
    Qardaş şəhərlər - coğrafi olaraq bir birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir.
        Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə I Dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub.
        II Dünya müharibəsi zamanı Avropada antihitler koalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq, 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu.
        Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradılmışdır. 1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub.
        Azərbaycan şəhərləri, o cümlədən Şəki şəhəri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır.


        Şəki şəhəri ilə qardaşlaşmış şəhərlər:

        Ukrayna Respublikası, Jmerinka şəhəri        

Mənbə: Sheki-ih.gov.az

“Vaqif Aslan qələmi” Dünyanı gəzir

6 May 2021 01:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 May 2021 01:10 güncellendi ]

Şair, yazıçı-dramaturq Vaqif Aslanın 
“Ruhlarla söhbət” poeması 
türk və özbək dillərində 
işıq üzü görüb.

Murad NƏBİBƏYOV,
"Şəki Bələdiyyəsi" qəzetinin
baş redaktoru






        Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Anadolu türkcəsinə çevrilib nəşr edilmişdir.
        Azinforum.az saytının yazdığı məqalədə diqqətə çatdırılır ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu fəlsəfi əsəri ərsəyə gətirmişdir. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışmışdır. 
    
    Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması, onların rus işğalı altına düşməsi kitabda təsvir edilmişdir. Kitabda xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapmışdır. Bilgə xaqan, Mətə xaqan, Alpər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir. Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Əratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif “bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub, göyləri çiynində saxlayan türkün” dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür.
    
    Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal, manyak və işğalçı qüvvələrin və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının – türklərin qələbəsi ilə başa çatır. Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən “Ruhlarla söhbət” poemasını Anadolu türkcəsinə ünlü şair Yusif Aslan çevimişdir. Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən “Ruhlarla söhbət” poeması yaxın zamanda Bişkekdə keçirilməsi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır. Kitab, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunmuşdur. Əsər özbək dilinə də tərcümə edilmişdir. Kitabı özbək dilinə tanınmış şair-tərcüməçi Gülzira xanım Şəripova tərcümə etmişdir. Yaxın zamanlarda kitab özbək dilində də nəşr ediləcəkdir. Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edib pulsuz yaydığı 118-ci kitabdır.

31 Mart soyqırımı bəşəri cinayətdir

30 Mar 2021 22:49 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 31 Mar 2021 00:09 güncellendi ]

Martın 30-da Şəki Bələdiyyəsinin kollektivi 31 mart 
Azərbaycanlıların soyqırımı 
gününə həsr olunmuş 
tədbir keçirib. 








        Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Şəki Bələdiyyəsinin sədri Mayis Allahverdiyev açaraq, Vətənimizin tarixində xoş günlərlə yanaşı, ağrılı-acılı anların da çox olduğunu diqqətə çatdırdı. O, ən xoş günlərdən biri kimi ötən il müzəffər Azərbaycan Ordusunun erməni faşizmi üzərində çaldığı qələbə münasibəti ilə Zəfər Paradı keçirilmiş 10 noyabr tarixini xatırlatdıqdan sonra , 1918-ci ilin 31 mart-4 aprel tarixlərində erməni millətçiləri tərəfindən törədilən qətliamı xalqımızın ağrılı-acılı günlərindən biri kimi qələmə verdi. Bələdiyyə sədri 102 il bundan qabaq həyata keçirilmiş soyqırımı barədə məlumat verərək, həmin gün on minlərlə günahsız azərbaycanlının yalnız müsəlman-türk olduğuna görə qətlə yetirildiyini bildirdi. Mayis Allahverdiyev dedi: “1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı Quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra, milliyyətcə erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin edib və nəticədə bu soyqırımı aktı törədilib. Bu amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar”.
        Sonra bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov çıxış edərək 31 mart soyqırımı məsələsinə uzun müddət heç kimin reaksiya vermədiyini, məhz Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə hüquqi-siyasi qiymətin verildiyini qeyd etdi. İntiqam Əşirov ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımı aktlarının tarixi faktlarda əksini tapdığını söyləyərək əlavə etdi ki, ermənilərin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasını tələb etmək üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var: “1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində azərbaycanlılara qarşı gizli-aşkar şəkildə soyqırımı, repressiyalar aparılıb. Təkcə 1918-1920-ci illərin mart-aprel aylarında qanlı hadisələr. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada 1905-1907 və 1918-1920-ci illərdə baş vermiş iki qırğın zamanı 2 milyona yaxın azərbaycanlı nankor qonşularımız tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub”.
        Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva öz çıxışında Ermənistanın tarix boyu törətdikləri qırğınların, soyqırımların əsas məqsədinin Azərbaycan ərazisində “böyükErmənistan dövləti” yaratmaq ideyasından irəli gəldiyini bildirib. Səyyarə xanım qeyd etdi ki, bu siyasəti hazırda da Ermənistan adlanan dövlət eyni qəddarlıq və insanlığa sığmayan vəhşiliklə davam etdirmək üçün əlindən gələni edir. Lakin artıq onlar bu arzularının həyata keçdiyini ancaq yuxuda görə bilərlər. Azərbaycan Ordusu artıq erməni faşistlərinə öz gücünü göstərdi və bir daha onlar Azərbaycana qarşı silahlı hücum etmək fikrinə düşsələr, yenə də öz layiqli cavablarını alacaqlar.
        Bələdiyyə sədrinin müavini Elşən Nəsibov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi silahlı basqınların hamısında heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsinin bəşəri bir cinayət olduğunu bildirdi. E.Nəsibov bir əsrdə iki dəfə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımların bu vaxta qədər beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməməsinə də diqqət çəkdi..
        Toplantıda iştirak edən bələdiyyə üzvləri də çıxış edərək 31 Mart soyqırımından söhbət açdılar.

Murad NƏBİBƏYOV,
Şəki Bələdiyyəsi Mətbuat və 
ictimaiyətlə əlaqələr şəbəsinin müdri

Su həyatdır, su dirilikdir...

28 Mar 2021 07:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Mar 2021 07:18 güncellendi ]

Sərxan ÇİNGİZ,                                                                                         Deputat və həyat 
Akif SALAM

Xalqımız həmişə suya da, çörək kimi qəlbi ehtizaza 
gətirən hörmət və ehtiram bəsləyir. 
Susuz ərazilərə su çəkmək, insanlara su vermək 
savab iş hesab olunur.

    
    Bu ilin Novruz bayramı ərəfəsində deputat Cavanşir Feyziyev, Aşağı Küngüt kəndinin sakinlərinə 30 tonluq su çəni alıb verməklə daha bir bölgəyə həyat vermiş, daha bir xeyriyyə tədbirinə imza atmış oldu. Onu da qeyd edək ki, bu, Cavanşir müəllimin həmin kəndə bağışladığı 3-cü su qurğusudur. Bundan əvvəl isə deputat həmin kəndin mərkəzində 150-yə yaxın ailə üçün bir artezian quyusu qazdırmış, başqa bir ərazidə isə yenə 100-ə yaxın ailə üçün 60 tonluq su çəni alıb vermişdir.
        Bəli, hər bayram ərəfəsində seçicilər deputatdan hər hansı bir hədiyyə gözləməyə adət etmişlər.
        Düz, 10 il əvvəlin söhbətidir: deputat, Novruz bayramı ərəfəsində Şəkinin ucqar Baş Kəldək kəndində seçiciləri ilə bayramlaşırdı. Ağsaqqallar görüş zamanı kəndə su çəkmək üçün 1000 metr uzunluğunda metal boru alınıb verilməsini xahiş etdilər. Bu görüşdən heç bir həftə keçməmiş, Cavanşir müəllim deyilən qədər yüzlük metal boru alaraq, Bakıdan kəndə göndərmiş, magistral su kəməri təzələnmiş, sonra adamlar bu kəmərdən yararlanaraq öz evlərinə, həyətlərinə su xətti çəkmişdilər. İndi, Böyük Qafqaz sıra dağlarının qoynunda çağlayan buz bulaqların suyu birbaşa Baş Kəldək sakinlərinin evlərinə və həyətlərinə axır ki, bu da onların həyatında, məişətində böyük bir hadisəyə çevrilmişdir. Bəli, şəhərdə suyun qiymətinin qalxdığı bir vaxtda, bu kəndin sakinləri 10 ildən artıqdır ki, havayı olaraq bulaq suyundan istifadə edirlər.
        Amma xalqımız qədirbiləndir. Heç zaman olunan yaxşılıq unudulmur, meridianlarda izimiz qalır. Başkəldəklilər minnətdarlıq əlaməti olaraq, kənddə çağlayan buz bulaqlara “Deputat Cavanşir bulağı” deyirlər.
        Bu, Cavanşir müəllimin xeyriyyəçi-deputat kimi həmin istiqamətdə gördüyü işlərin hamısı deyil. Şəki şəhərinin Qışlaq hissəsi bu bölgədə əhalinin həm sıx yaşadığı, həm də bir sıra problemləri olan ərazilərdəndir. Şəhərin Böyük Qafqazın cənub ətəklərində yerləşməsinə, qoynundan bol sulu çayların axmasına baxmayaraq, rayonun Aran zonasında olduğu kimi, burada da daimi içməli su qıtlığı hökm sürür, artezian sularından istifadə olunur.
    
    Artezian quyuları isə, məlum olduğu kimi, müntəzəm olaraq onlara xüsusi texniki xidmət göstərilməsini tələb edir. Belə xidmət olmayanda isə quyular tez-tez xarab olub sıradan çıxır və insanlar susuz qalaraq əziyyət çəkirlər.
        Bir neçə il əvvəl də belə olmuş, Şəhərin Qışlaq-Dağdibi hissəsində 100-dən artıq ailəni içməli su ilə təmin edən artezian quyularından birinin suyu azalaraq minimuma enmişdi. Məlum oldu ki, su quyusunu işlədən motor sıradan çıxmaq üzrədir.
        Buna görə də, həmin ərazidə yaşayan əhalinin bir qrupu deputatın Şəkidəki ofisinə gələrək, artezian quyusunun təmiri üçün deputatdan kömək istədilər. Məsələ deputata məruzə olunan kimi, o, dərhal Bakıdan Şəkiyə 1200 AZN dəyərində olan güclü bir motor alıb göndərdi və məsələ həll olundu.
        Ərazi sakinləri köməkçisinə zəng edərək, deputatla görüşmək, ona minnətdarlıq etmək istədiklərini bildirdilər.
        Xoşbəxtlikdən bu hadisə də bayram günlərinə, deputatın Şəkidə olduğu vaxta təsadüf etmişdi. Cavanşir müəllim sakinlərin arzusuna əməl edərək, elə sözügedən artezian quyusunun yanındaca adamlarla görüşüb bayramlaşdı.
        Sakinlər həm Cavanşir müəllimi, həm də onunla birlikdə görüşə gələn ailə üzvlərini özlərinin doğmaları, əzizləri kimi mehribanlıqla qarşılayaraq minnətdarlıqlarını bildirdilər. Deputatla, onun övladları ilə xatirə şəkilləri çəkdirdilər və öz evlərinə dəvət etdilər.
        Təbii ki, fürsətdən istifadə edərək deputata yaşadıqları ərazinin problemləri ilə bağlı xahişlər də oldu. Əlbəttə, depuatat gələcək fəaliyyətində bu xahişlərə əməl edəcəyini bildirdi. Beləliklə, bu, şəhərin Qışlaq hissəsində 5-ci inzibati ərazi vahidi (kvartal) idi ki, Cavanşir müəllim orada su problemini həll edirdi.
    
    Qışlaqda isə deputatın təmsil etdiyi 115 saylı dairəyə daxil olan 9 kvartal var. İndi baməzə Qızlaq camaatı yarı zarafat, yarı gerçək deyirlər ki, bizim ərazinin yarısı Cavanşir müəllimin hesabına içməli su ilə təmin olunur.
        Yenə bir neçə il əvvəl qayıdaq. Şəkidə Yaponiya hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant yardımı proqramı çərçivəsində Bolludərə və Qaratorpaq kəndlərində köhnə su sisteminin yenidən qurulması layihəsinə start verilmişdi. Bu işin də səbəbkarı deputat idi.
        Şəkinin bu ucqar kəndlərində keçirilən görüş zamanı seçicilər deputatdan camaatın su tələbini aidiyyatı təşkilatlar qarşısında qaldırmağı xahiş etmişdilər. Çünki, içməli su bu kəndlərə maşınlarla daşınır, suyun 1 bidonu 1 manata satılırdı.
        Göründüyü kimi, indi həmin məsələ gündəmə gəlmiş, layihənin təqdimatı zamanı problemin həllinə deputat da, öz köməyini təklif etmişdi.
        İşin qızğın çağında məlum oldu ki, sözügedən kənd bələdiyyələri qrant müqaviləsində onların üzərinə düşən öhdəliyə əməl edə bilmədikləri üçün işin dayandırılması qorxusu yaranır. Məhz bu zaman deputat həmin kəndlərə gedərək tikintiyə baxış keçirib, inşaatçılara maliyyə dəstəyi göstərilməsinə nail oldu.
        Su qurğusunun açılışı təntənə ilə qeyd olundu. Həm inşaatçılar, həm də ərazi sakinləri açılış zamanı Yaponiyanın ölkəmizdəki səfiri ilə yanaşı, deputatın da əllərini sıxaraq minnətdarlıqlarını bildirdilər.
        Cavanşir müəllim bu elin, bu obanın övladı olduğu üçün, bu yerlərin problemlərini yaxşı bilir. O, yaxşı bilir ki, Sovet dönəmində bu bölgəyə ağır miras qalıb: bu su problemidir. Ona görə də, su məsələsi ilə bağlı deputata ünvanlanan heç bir kollektiv müraciət cavabsız qalmır.
        2016-cı ilin söhbətidir: Turan qəsəbəsi və Çayqaraqoyunlu kəndlərinin sakinləri içməli su problemi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə yazdıqları məktubun bir surətini də deputata göndərmişdilər. Cavanşir müəllim dərhal həmin məsələyə münasibət bildirərək, seçicilərinə əlindən gələn köməyi göstərmiş, layihənin birinci hissəsi kimi qəsəbəyə 60 km məsafədən gələn su kəməri bərpa olunmuş, Çayqaraqoyunlu kəndinə isə 5.5 km məsafədən su kəməri çəkilərək yeni su anbarı inşa olunmuş, 350 ailənin içməli su problemi mərhələli şəkildə həll olmuşdur.
        Cavanşir müəllim bir qayda olaraq, Yeni il, Novruz, Qurban, Ramazan bayramlarında Şəkiyə gələrək, özünün boya-başa çatdığı Böyük Dəhnə kəndinə gedir, adamların arzu və istəkərini öyrənir.
    
    Məhz deputatın təşəbbüsü ilə bu kəndin su problemini həll etmək üçün yeni su mənbələri tapılaraq, 6 yerdə 70-80-90-100 tonluq su anbarları inşa olunmuş, 2 yeni artezian quyusu qazılmış, baxımsız qalmış artezian quyuları təmir olunaraq yenidən dəhnəlilərin ixtiyarına verilmişdir. İndi söhbət ondan gedir ki, sayğac qoyularaq, çənlərdən və artezianlardan evlərə və həyətlərə su xətti çəkilsin.
        Bu deyilənlərdən əlavə deputatın təşəbbüsü və maliyyə yardımı ilə rayonun Aşağı Daşağıl, Küdürlü, Köbər Zəyzid kəndlərində, şəhərin Soyuqbulaq, Qışlaq hissəsində də artezianlar qazılmış və sakinlərin sərəncamına verilmişdir. Rayonun Qozlubulaq, Cəyirli, Şəki, Aran kəndləri sakinlərinin ərizə və şikayətləri əsasında Nazirlər Kabinetinə müraciətlər olunmuş, 100 hektarlarla ərazini suvaracaq Əyridərə su anbarının tikintisi başa çatdırılmışdır.
        Yeri gəlmişkən, Nizami Gəncəvi deyirdi ki, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.
        Baş Küngüt, Baş Kəldək, Oraban görüşləri zamanı sakinlər onu da deyirdilər ki, bu yaşayış məntəqələri ciddi sel təhlükəsi qarşısındadır. Hər il yaz ayları gələndə Baş Küngüt çayı məcrasından çıxaraq ətrafdakı yaşayış məntəqələrinə ciddi ziyan vurur. Buna görə də, çayın yatağı təmizlənərək, ətrafına istinad divarı çəkilməlidir. Deputat dərhal həmin məsələ ilə əlaqədar Nazirlər Kabinetinə müraciət etmiş, sözügüdən kəndlərin ətrafına istinad divarları çəkilmişdir ki, bu da həmin ərazilər üçün həyati əhəmiyyət kəsb edir.
        Həyat davam edir. Bu mənada qazanılan nailiyyətlər arxayınçılıq yaratmır, daim irəli baxmağı, təşəbbüskar olmağı tələb edir. Ölkə başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz boş-boş vədlər, şüarlar, reallığı əks etdirməyən bəyanatlar deyil, bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın problemini çalışıb həll etməkdir”.
        Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olaraq problemlər öz həllini tapacaq, öz seçki platformasında “Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!” şüarına sadiq qalan deputat Cavanşir Feyziyevin şəxsində, onun təmsil etdiyi dairədə Azərbaycan dövlətçiliyinə, onun Milli Məclisinə, Vətənimizin sabahına olan inam hissi daha da artacaqdır. 

Ya qaydalara riayət etməli, ya da ğöz yaşlarımızı silməyə hazır olmalıyıq!

28 Mar 2021 06:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Mar 2021 07:03 güncellendi ]

Son günlər bütün ölkəmizdə 
olduğu kimi Şəkidə də 
Covid-19-a yoluxanların 
sayında artım müşahidə 
olunmaqdadır. 


Daşqın MİKAYILOV


        Səbəblərdən biri kimi əhalinin qaydalara riayət etməməsidirsə, digər əsas səbəb bu xəstəliyin mövsümi olması, xüsusilə mart-aprel aylarında daha sürətlə yayılmasıdır. Bu aylarda təbii ölüm sayının artmasına paralel olaraq yas mərasimlərinın də çoxalması yoluxma riskini daha da artıran əsas səbəblərdəndir.
        Eyni zamanda bayram münasibəti ilə istirahət günlərinin olması və istər paytaxtdan, istərsə də digər rayonlardan Şəkiyə gələn yerlı turistlərın sayının həddən artıq olması, həmin vətəndaşların vırus daşıyıcısı olub-olmaması barədə məlumatların yoxluğu və hazırkı şəraitdə nəzarətin mumkünsüzlüyü də yayılmaya öz təsirini göstərə bilər.
    
    Yaranmış vəziyyətlə əlaqədar olaraq Şəki Şəhər İH yanında yaradılan Operativ Qərargah tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərin gücləndirməsi barədə qərar qəbul edilmiş, xəstəliyin yayılmasına imkan yaradan şərait təhlil edilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

        Fəslin dəyişməsi ilə əlaqədar olaraq təbii ölüm hallarının artması və hüzr yerlərində yoluxma riskinin daha çox olması Operativ Qərargahın diqqət mərkəzində saxlanılır, istər şəhərdə, istərsə də kənd və qəsəbələrdə yas mərasimlərinin hazırkı tələblərə uyğun şəkildə keçirilməsinə ciddi nəzarət edilir.
        Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədi ilə Şəki şəhər İH tərəfindən yaradılmış mobil qrupların üzvləri, gənclərdən ibarət könüllülər, AQTA Şəki regional bölməsi, GEM, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşları əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda, ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində, mərkəzi bazarda mütəmadi reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən qaydalara riayət etmələri tələb olunur, pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, ictimai yerlərdə qoruyucu maskadan istifadə edilməsinin məcburiliyi izah olunur.
    
    Xəstəliklə aktiv mübarizə aparan təşkilatlardan biri olan Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) aşkar olunan hər bir xəstə barədə electron qaydada həm Qərargaha, həm də səhiyyə nazirliyinə məlumat verir. Səhiyyə Nazirliyi xətti ilə GEM-ə gətirilən peyvəndlər yerli TƏBİB-ə verilir və GEM əməkdaşları tərəfindən həm peyvəndlərin saxlanmasına, həm də təlimata uyğun olaraq vurulmasına nəzarət edilir. Gün ərzində aşkar olunan xəstəlik ocağları GEM-in əməkdaşları tərəfindən dərhal dezinfeksiya edilir, covid xəstəsi aşkar olunan şəxslərin əlaqələri nəzarətə götürülərək yoxlanılır və onların iş yerləri müəyyənləşdirilək dərhal dezinfeksiya işləri aparılır. Rayon ərazisində bu xəstəlikdən hər hansı bir covid xəstəsi vəfat edərsə, yas mərasimindən dərhal sonra onun yaşadığı mənzil və ya fərdi yaşayış evi dezinfeksiya edilir. Bütün bu tədbirlər Operativ Qərargahın rəhbərliyi tərəfindən koordinasiya edilir, hər hansı bir problem yarandıqda dərhal yerində həll edilir.

        Paralel olaraq şəhərdə Mənzil İstismar Sahəsinin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən xəstəlik aşkar olunan ərazilərdə yerləşən yaşayış binalarının girışləri və pilləkən qəfəsələri, KTİB tərəfindən əsas küçə və prospektlər, parklar dezinfeksiya edilir.
        Rayon polis şöbəsi tərəfindən səsgücləndirici quraşdırılmış maşınlar vasitəsilə rayon ərazisində təbliğat aparılır, evdə müalicə aparan CİVİD 19 xəstələrinə ciddi nəzarət edilir, video çəkilişlər aparılır, hüzr yerləri və saat 00.00-dan etbarən ictimai-iaşə obyektləri və restoranların bağlanması nəzarətdə saxlanılır. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.
    
    AQTA tərəfindən qanunvericiliyin tələblərinə və metodiki göstərişlərin icrasına nəzarət məqsədilə İH, polos şöbəsinin əməkdaşları ilə birlikdə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər aparılır, aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülür.

        İctimai nəqliyyatın işləməməsi səbəbındən Mərkəzi bazarda əvvəlki günlərə nisbətən sıxlıq olmasa da, İH, polis və bazar rəhbərliyi tərəfindən qaydalara riayət olinması diqqətdə saxlanılır, günorta saatlarından sonra bazar rəhbərliyi tərəfindən ərazidə dezinfeksiya işləri həyata keçirilir və bazardakı vəziyyət barədə Qərargaha gündəlik məlumat verilir.
        Ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam etdirilir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir, nəticələr barədə gün ərzində hər saatdan bir Qərargaha məlumat verilir.
        COVID-19 infeksiyasının ötürülmə-yayılma mexanizmi ilə bağlı araşdırılmalarda 3 ötürülmə yolunun daha çox diqqətdə saxlanmasının vacibliyi bildirilir:
        I. Virusgəzdiricilik (simptomsuz, “sağlam”). Koronavirusu yüngül formada, yaxud simptomsuz keçirənlər, infeksiyanın ötürülmə halqasında ən potensial təhlükəli qrupudur. Çox zaman məhz bu qrup epidemioloji nəzarətdən kənarda qalmış olur.
        II. Ailədaxili ötürülmə yolu. Hazırda bu yolla yayılma özünü daha çox biruzə verməkdədir;
        III. Xəstəxanadaxili (nozokomial) ötürülmə yolu.


    
    Hər birimiz bu amilləri nəzərdən qaçırmamalı, bu ağır xəstəliyə özümüzün və ətrafımızın yoluxmanın qarşısını almağa çalışmalıyıq.

        Ölkəmizin tanınmış həkimlərinin də fikirlərində qeyd olunur ki, ilk növbədə nəzərə almaq lazımdır ki, bu infeksiya üçün qış-yaz mövsümiliyi səciyyəvidir və daha çox yoluxma məhz mart-aprel aylarına təsadüf edir. Payız-qış aylarında isə, digər kəskin respirator virus infeksiyasının da ona qoşulma ehtimalı artdığından yoluxma riski daha yüksək olur. Həkimlərin fikrini əsas götürsək respublika üzrə yayılma prosesi aprelin sonuna qədər daha da arta bilər.
        Ona görə də, mövcud şəraitdə hər birimiz üçün yalnız 2 yol var:
        - Ya bu müddət ərzində daha diqqətli olmalı, özünümüzü, ailəmizi və yaxınlarımızı qorumalı,
        -ya da ğöz yaşlarımızı silməyə hazır olmalıyıq!
        Seçim özümüzdən asılıdır!!!


       

     



ŞƏKİLİ QƏHRƏMAN - O, 8 nəfər döyüşçü yoldaşının həyatını xilas edən "Qumbara TƏRLAN"dır

24 Mar 2021 04:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Mar 2021 05:56 güncellendi ]

Döyüş meydanında can versə insan 
Xoşdur, namərdliklə qoyub qaçmaqdan. 
Sədi Şirazi 


        Türk milləti yaranışından öz qəhrəmanlıq səlnamələri ilə bütün dünyanı heyrətə gətirmiş, yüz illərlə azadlıq və torpaq uğrunda apardığı müharibələrdə öz igidləri ilə digər millətlərə nümunə olmuşdur. Azərbaycan xalqının da qatı düşmənə qarşı apardığı məlum 44 günlük müharibə bir daha sübut etdi ki, türkü məğlub etmək olmaz. 44 gündə döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları, şücaəti sayıb qurtarmaq mümkün deyil. Təkcə Vətənimizin dilbər guşəsi Şuşanın alınması bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgərinin keçə bilmədiyi sədd yoxdur. Bu yazıda haqqında söhbət açacağımız əsgərimizin göstərdiyi qəhrəmanlıq isə artıq bir dastana, baş vermiş bir əfsanəyə çevrilib.

        Həqiqətən ataların, xalqın qəhrəmanı olmaq üçün mütləq əldə qılınc olması vacib deyil – deyimi özünü çox hallarda sübut etmişdir. Çox ölkələrin taleyində öz zəkası, dönməzliyi, həlledici anlarda qəti qərar qəbul etməsi ilə adı qəhrəmanlar sırasına yazılanlar az olmamışdır. Azərbaycan xalqının da taleyində müxtəlif dövrlərdə düşmənə qarşı mübarizədə ad çıxarmış tarixi qəhrəmanlarımız var və xalqımız hər zaman onlarla qürur duyur. Belə qəhrəmanlardan biri də 44 günlük müharibədə öz hərəkəti ilə qəjhrəmanlıq zirvəsinə ucalan 23 yaşlı həmyerlimiz, artıq bütün Azərbaycanda “Qumbara Tərlan” kimi tanınan Tərlan Rafiq oğlu Həsənovdur.
        Tərlan, olduqları yerə düşmüş və partlamasına bir-neçə saniyə qalmış qumbaranı gördükdə, dahi yazıçı-dramaturq Məmməd Səid Ordubadi demişkən - İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. - bir anda orada olanların hamısının həlak olacağını düşünüb, 8 nəfər döyüş yoldaşının sağ qalması üçün özünün ölümünə qərar verərək qumbaranın üstünə atılmışdır. Tərlanın bu hərəkəti 8 əsgər yoldaşını ölümdən qurtarmaqla, 8 ailəni övlad acısından, üzücü matəmdən qurtarmışdır. Və çox sevindirici haldır ki, qumbara partladıqdan sonda Tərlan özü də sağ qalmış, yüngül xəsarətlə ölümün caynağından xilas olmuşdur.
        Tərlan Rafiq oğlu Həsənov 16 iyul 1997-ci ildə Şəkinin Baş Zəyzid kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində aldıqdan sonra, 2014-cü ildə Azərbaycan Texniki Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olub və 2018-ci ildə ali təhsilini başa vurub.
        2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan qəhrəmanımızın əsgərliyini qurtarmağa sayılı günlər qalanda Vətən Müharibəsi başlayıb və o, düşmənə qarşı vuruşmaq, nankor qonşularımızı torpaqlarımızdan qovmaq üçün cəbhəyə gedib.
        Tərlanın hərbi xidmətə getməyini də əsil vətənpərvərlik nümunəsi hesab etmək olar. Belə ki, ali təhsil aldıqdan sonra əsgərliyə getmək istəsə də, çəkisinin az və gözlərinin zəif görməsi səbəbli onu hərbi xidmətə aparmaq istəməyiblər. Lakin Vətənə xidmət etmək arzusu Tərlanda o qədər güclüq olub ki, o, israr edərək əsgərkiyə getməyə nail olub. Hərbi xidmətinin bitməsinə isə az qalmış müharibə başlayıb.
        Tərlanın söylədikləri:
“Hadisə “Talış” yüksəkliyində baş vermişdi. O vaxt biz hücum vəziyyətində idik. Yüksəklidə olan postu düşməndən xilas etmək istəyirdik. Yanımda komandir heyəti də, əsgər yoldaşlarım da var idi. Yaxınlıqdakı səngərdə düşmən var idi və ordan bizə bizə əl qumbaraları atırdılar. Biz də qumbaralardan yayınmaq üçün dağa sığına-sığına düşmən postuna tərəf hərəkət edirdik. Bu vaxt qumbaralardan biri mənim və əsgər yoldaşlarımın yanıma düşdü. Onda mənim əynimdə zirehli gödəkcə, üstümdə isə rabitə aparatı və dörd ədəd güllə darağı vardı. Qumbaranı görən kimi, gözümün önündən əsgər analarının göz yaşı, şəhidlərimiz gözümün önündən keçdi. O anda qəti qərara gəldim ki, özümü atım qumbaranın üstünə, təkcə mən ölüm. Heç olmazsa, yanımda olan döyüş yoldaşlarım sağ qalsınlar. Və elə də etdim, uzandım qumbaranın üstünə. Qumbara partlayanda isə şoka düşdüm. Bir müddət sonra, şokdan ayılıb, başımın üstündə həkimi görəndə anladım ki, sağ qalmışam. Sonra yenə də bir-neçə gün şok vəziyyətində oldum.”        
    
    Sinəsinin altında qumbara partladıqdan sonra satlarla huşsuz qalan Tərlanın dostları da onun şəhid olduğunu düşünüblər. Lakin Tərlanı əynindəki zirehli jilet və əlində tutduğu radio-rabitə cihazı xilas edib. Özü ilə bərabər 8 nəfər əsgərin də həyatını xilas edən Tərlanın adını döyüşçü dostları o gündən “Qumbara Tərlan” qoyublar.
        Hadisədən sonra igid əsgərimiz komandanlıq tərəfindən “Fəxri Fərman” və 5 günlük məzuniyyətlə mükafatlandırılıb.
        Qəhrəmanımız haqqında internet saytlarında çox məlumatlara rast gəlmişdik, lakin onun özünü görmək, özü ilə söhbət edib yazı hazırlamaq istəyirdik. Lakin özü ilə görüşə bilməsək də telefonla danışmaq qismət oldu bizə. Martın 23-də telefon söhbəti zamanı Tərlan dedi ki, bu dəfə doğma kəndinə 10 günlük məzuniyyətə gəlib. Eyni zamanda, Tərtər Hərbi Prokurorluğu tərəfindən mükafatlandırıldığını da əlavə etdi.
        Azərbaycan Ordusunun mənfur düşmən üzərindəki Qələbəsindən sonra Tərlanın social şəbəkə hesabında yazdıqları da oxucularımız üçün maraqlı olar:
“Öncə hər kəsə salam olsun. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Yaralılarımıza şəfa versin... Bizim 3 amalımız var. Ya qalib olacağıq, ya qazi olacağıq, ya da ki, Şəhid! Hər 3 pillə ən uca zirvədir. Məğlubiyyət deyilən bir şey bizim gözümüzdə yoxdur. Hər birinizə minnətdaram. Azərbaycan xalqının dəstəyi olmasaydı, bizim üçün yəqin ki çox çətin olardı. Amma Şükür Allaha! Qalibiyyət yolunda irəlilədik. Yaşasın AZƏRBAYCAN XALQI, YAŞASIN AZƏRBAYCAN ORDUSU, YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ! Hər kəsə minnətdaram”.
        Bir-iki kəlmə də Tərlanın anası, Vətənimiz, xalqımız üçün çox dəyərli övlad böyütmüş Nigar xanımın modern.az saytına söylədiklərindən:
        “Biz Tərlanı çox əziyyətlə böyüdüb, oxutmuşuq. Bir gün ac qalmışıq, bir gün tox, amma istəmişik ki, o oxusun, özünə gözəl bir həyat qursun. Bir oğlumuz var, hər zaman ona arxa dayaq olmağa çalışmışıq. Hər zaman, hər yerdə hətta əsgərlikdə də onun fəxr ediləsi hərəkətlərini, xəbərlərini eşitmişik.
        Əsgərlikdə göstərdiyi qəhrəmanlığa görə 5 günlük icazə verdilər ki, evə gəlsin. Orada başına gələnlərdən danışdı. Qumbaranın üzərinə özünü necə atdığından... Tərlan müharibədə rabitəçidir. Bu hadisə başına gələn zaman Tərlanın üstündə “bronjilet” və rabitə aparatı olub. Səngərdə çox əsgər olublar. Əl qumbarası atılan vaxt Tərlan özünü qumbaranın üstünə atıb, deyib ki, şəhid olsam, tək mən olum uşaqlar salamat qalsınlar. O özünü qumbaranın üstünə atanda komandir görüb, Oğlum deyir bir onu hiss elədim ki, elə bil məni göydən yerə çırpdılar. Neçə saat özünə gələ bilməyib, huşunu itirib. İynə vurublar, müayinə ediblər, sonra ayılıb. Əynindəki hər şey yanıbmış. Başında qəlpə izi qalıb. Alnından çıxarılan qumbara qəlpəsini indi cibində saxlayır....
        5 günlük evə gəldiyi vaxt bir gün gecə getdim yanına dedim ki, Tərlan yerini hazırlamışam, dur rahat yat, sonra danışmaq istədim. O sakitcə çarpayıya söykənib oturmuşdu, gözlərini bağlamışdı, amma gözlərindən yaş axırdı. Mənə dedi ki, ana mənə heç nə sual vermə, danışdırma. Mənim orada yaşadıqlarımı bir bilsən. Şəhid olan əsgər yoldaşları var imiş. Onlara görə çox pis olmuşdu. Demək olar, hər axşam onları xatırlayıb, göz yaşı tökürdü. Deyirdi ki, ana təsəvvür elə, kimisə vururlar gözümüzün qabağında, bütün orqanları bizim üstümüzə tökülən əsgər yoldaşlarımız olub. Dillə deyiləsidirmi bu, dözmək olarmı?!”

        Həqiqətən hər gün bir yerdə olduğun, dərdini-sərini bölüşdüyün əsgər yoldaşın ölümünə dözmək çox çətindir. Amma müharibənin amansıq qanunları dözməyi və ruhdan düşməməyi, Vətəni və millətini qorumağı öyrədir insane. Tərlan da həm Vətənini, həm də xalqını qorumaqda hamıya bir örnək oldu. İnanırıq ki, o, hərbi xidmətini başa vurub qayıtdıqdan sonra da çalışdığı sahədə hamıya nümunə olacaq.
Murad NƏBİBƏYOV
"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru

(Aşağıdakı fotolarda: Tərlan döyüş yoldaşları ilə)

     
     





"L.N.Tolstoyun gündəliyi"ndən seçmələr

16 Mar 2021 00:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Mar 2021 00:11 güncellendi ]

"2021-ci il martın 16 - da görkəmli 
dövlət xadimi 
və ictimai - siyasi xadim, 
31 il Azərbaycanın 
böyük rayonlarında, 
o cümlədən 10 il Şəki 
Şəhər Partiya 
Komitəsinin birinci katibi 
vəzifələrində işləmiş, 
hörmətli Murad Nəbibəyovun 
təbirincə obrazlı şəkildə desək 
"şəkililərin yaddaşına həkk olunmuş rəhbər", 
filologiya üzrə fəlsəfə doktoru 
Sadıq Nəbi öğlu Murtuzayevin 
vəfatının 40 günü tamam olur. 

Hikmət
ƏBDÜLHƏLİMOV


        Yarım əsrdən artıq bir zaman kəsiyində yaxından tanıdığım, 10 il bilavasitə rəhbərliyi altinda işlədiyim və bu zaman ondan böyük həyat məktəbi, siyasi rəhbərlik məktəbi dərsləri aldığım bu böyük insanın yoxluğunu heç cürə qəbul edə bilmirəm. O həm də mənim 30 ildən artıq yaradıcılığıma Respublika mətbuatında və kitablarında dərindən, obyektiv, səmimi qiymət verərdi. Mənim məşəqqətli, əzablı, yetimliklə keçən uşaqlıq illərimim acısını da o yaxşı anlayırdı. Çünki o da mənim kimi uşaqlıq illərini ata - anasız, yetimliklə keçirmişdir. F.M. Dostoyevski yazırdı ki, insanın varlığı yoxluğunda görünür. Bu gün biz Sadıq müəllimin yoxluğunda onun varlığını daha dərindən dərk edir, görürük. BÖYÜK YARADANDAN ona qəni -qəni rəhmət diləyir, doğmalarına. səbr və dözüm arzulayırıq. 
        P.S. Vəfatından bir neçə ay əvvəl nəşr etdirdiyi "Son borc" kitabını avtoqrafla mənə verdi. Həmin kitabın bir fəsli ilə feysbook dostlarımı tanış edirəm.

* * *

"L.N.TOLSTOYUN GÜNDƏLİYİ"NDƏN SEÇMƏLƏR

        Bu kitabı nəşriyyata göndərmək ərəfəsində şəxsiyyətinə, intellektinə, işdə prinsipial mövqeyinə, zəngin elmi-ədəbi yaradıcılığına, Şəkiyə rəhbərlik etdiyim 10 il ərzində çox nüfuzlu vəzifələrdə ləyaqətlə çalışan və hətta L.Tolstoy təvazökarlığı ilə ö dövrün ən müqtədir təşkilatı olan Mərkəzi Komitəyə məsul bir vəzifəyə dəvət olunarkən ondan imtina edən dostum Hikmət Əbdülhəlimov mənə zəng vurub dünya ədəbiyyatının ən möhtəşəm korifeyi Lev Nikolayeviç Tolstoyun seçilmiş əsərlərinin 2 cildində özünə yer tapmış məşhur gündəliyindən heç şübhəsiz aylarla oxuyub tərcümə etdiyi və icmalını çıxardığı 50 səhifəlik əlyazmasını göndərdi. Oxuyub heyran olmağım öz yerində, həm də onu müəllifin razılığı əsasında bütünlükdə bir fəsil olaraq bu kitaba əlavə etmək fikrimdən keçsə də sonda müəllifin özünün həmin “İcmalı” ayrıca kitabça şəklində nəşr etdirmək arzusunda olduğunu nəzərə alıb ondan daha məqbul bildiyim kəlamları seçim edib bu fəsli bərqərar etdim və yəqin ki, müəllifin xeyir-duasından sonra kitaba əlavə edirəm.
        Hikmət Əbdülhəlimova məxsus “İcmal”da L.Tolstoyun gündəliyindən əxz etdiyi kəlamlar yəqin ki, elə həmin gündəliyə əsasən bölmələrə ayrılmışdır və mən də həmin bölmələri saxlayıram.

        Sadəlik, humanistlik və təvazökarlıq.

- Bir dəfə görüşünə gəlmiş 750 nəfər uşaqla çayda çimmişdir.
- Ətrafındakı aclığa, səfalətə dözməyib öz qraf torpaqlarını kəndlilərə paylamaq istəmiş, lakin kəndlilər etiraz etmişlər.
- İlk dəfə o, Nobel mükafatına təqdim olunarkən İsveçin “Stokholm Tadblax” qəzetinə məktub yazıb ondan imtina etmişdir.
- 1908-ci ildə onun 80 illik yubileyini bayram etmək üçün Y.Bunin, V.Biryusov, Y.Repin, V.Korolenko və b. Tərəfindən Sankt Peterburqda təşəbbüs komitəsi yaradılır və belə komitələr Moskva və başqa şəhərlərdə də təsis olunur. L.Tolstoy qəti etirazını bildirib həmin komitələri ləğv etdirir. Lakin ədibin etirazlarına baxmayaraq yubiley böyük təntənə ilə qeyd edilir.
- Sadəlik mənəvi gözəlliyin əsas şərtidir.
- Təvazökarlıq qarşılıqlı məhəbbət üçün əsas şərtdir.

Qaydalar. (Gündəlikdə xüsusi yer tutur)

- Hər şeyi öz adı ilə çağır.
- Dəyəri olmayan bir şeyə qiymət qoyma (məsələn papirosa)
- Mürəkkəıb hadisələrdə həmişə ilk təsəvvürə görə hərəkət et.
- Bütün hallarda uğurun yeganə şərtinin səbr olduğunu yaddan çıxarma.
- Bütün işlərdə mənə mane olan və xüsusən də mənə çox ziyan vuran tələskənlikdir.
- Özünəinam və xırdalıqlara nifrət uğurun rəhnidir.
- Görəcəyin işi götür-qoy etməmiş qətiyyətsiz, götür-qoydan sonra qətiyyətli ol.
- Özünü hər işə tam sərf et və onu nümunəvi görməyə çalış.
- Yalan danışma.
- Şöhrətöərəstlikdən uzaq ol.
- Vəziyyət ağırlaşdıqca fəaliyyətini gücləndir.
- Fiziki və əqli fəaliyyətində sahman yarat, onların təmin olunmasında ehtiyatlı ol.
- Hər hərəkətinin məqsədi doğmalarının xoşbəxtliyi olmalıdır.
- Bu günün vəziyyəti ilə razılaş.
- Xeyirxahlıq üçün fürsət axtar.

        İslah qaydaları.

- Ağır anlarında tez-tez fikirləş ki, bundan da ağır ola bilərdi.
- Avaraçılıq və səhlənkarlıqdan qorx.
- Çalış gələcəkdən heç nə gözləməyəsən.
- Şöhrətpərəstlikdən və onu yaradan yalandan qorx.

        Təcrübi qaydalar.

- Bütün faydalı fikirləri yadda saxla və yaxşı olar ki, yazasan.
- Daim hərəkətdə olmağa çalış.
- İlk təsəvvürün dəyişənə qədər heç kəs haqqında rəy yaratma.
- İnsanların davranışlarını öz hisslərinlə yox, onlarda təxmin etdiyinlə dəyərləndir.
- Gün doğana qədər qalx.
- Yemək-içməkdə nəfsini qoru.
- Hər şənbə qarşıdakı həftədə görəcək işlərinə yenidən bax.
- Heç kəsə borc vermə v borc alma.
- Başladığın iş əhəmiyyətsiz olsa belə onu yarımçıq qoyma.
- Günün işlərini yarımçıq qoyma.
- Mədaxil məxaricinin qeydiyyatını apar.
- Başqasının fikirlərini təkrar etmə.

        Ədəbiyyat qaydaları.

- Hər bir əsərin məqsədi xeyirxahlıq olmalıdır.
- Əsərin qayəsi uca olmalıdır.
- Mühafizəkarlıqdan uzaq ol.

        Şöhrətpərəstlik.

- Şöhrətpərəstlik əxlaq xəstəliyidir.
- Şöhrətpərəstlik insanın bütün varlığını zəhərləyir.
- Şöhrətpərəstlik başqaları qarşısında hətta ən axmaq işlərdə fərqlənmək arzusudur.

        Xoşbəxtlik və bədbəxtlik.

- Şəxsi xoşbəxtliyini əsas məqsədi hesab edən adam axmaqdır.
- Xoşbəxtliyin yeganə vasitəsi xeyirxahlıqdır.
- Sakit vicdan və faydalı olmaq əsl xoşbəxtlikdir.
- İki xoşbəxtlik mövcuddur: Comərdliyə görə və şöhrətpərəstliyə görə. Birincisi daimidir, ikincisi elə özü tərəfindən məhv edilir.
- Məhdudluq, dar fikirlik bədbəxtliyin əsas səbəbidir.
- Əzaba məruz qalan yox, əzab verən bədbəxtdir.
- Allaha məhəbbət həyatımın məqsədidir.
- Allahın idrakı ancaq ona olan məhəbbətlə mümkündür.
- İnsanlara yaxşılıq etmədən Allaha yaxınlaşmaq mümkünsüzdür.
- Dini dünyagörüşü olmayan adam mənəvi şikəstdir.

        Həyat və ölüm.

- Hərəkət həyatın özüdür.
- Yaxşı yaşamaq həm də yaxşı ölümdür.
- Həyat zarafat yox, böyük təntənədir.
- Həyatın məqsədi və əsas şərti sevinməkdir.
- Səmaya, günəşə, ulduzlara, otlara, ağaclara, heyvanlara, insanlara bax və sevin, bu sevincin yox olmasına imkan vermə. Əgər bu sevinc yox olursa hardasa səhvin var, onu tap və düzəlt.

        Xatirələr.

- Xatirələri yaz və onun nə vaxt baş verdiyini də qeyd etməyi yaddan çıxartma.
- Sənə xoş olan heç şeyi yaddan çıxartma.

        Uşaqlar və qocalar.

- Uşaqlar ona görə xoşbəxt və əzizdirlər ki, onlar bu günlə, indiki zamanla yaşayırlar.
- Qocalığa hörmət et, qocalar da özlərinə hörmət etməli, gənclərlə bir arada dayanıb onlarla mübahisə etməməlidirlər.
- Qocalar o zaman xeyirxahlaşırlar ki, yaşadıqlarını və gördüklərini gələcək nəsillərə ötürürlər. Bu olmasa bəşəriyyət irəli gedə bilməz.

        İnsan. 

- İnsanın təkmilləşməsinin ali həddi onun heç nə bilməməsinin ali həddidir.(Sokrat)
- Özünü insanlara nə qədər yüksək göstərməyə çalışırsansa, bir o qədər aşağı düşürsən.
- Təmiz yaşamaq üçün cəhd et, döyüş, səhv et, başla və at, yenidən başla və mübarizəni gücləndir, məhrumiyyət keçir, sakitləş – bu qəlbin rəmzidir.
- Mübahisə zamanı yaxşı etirazları qəbul et və düşünüb daşın.
- Həmişə haqlı olduğunu iddia edənlər insanların dözülməz tipidir.
- İnsan özünü dərk etmirsə, yaşayıb yaşamadığını bilmir.

        Xudbinlik.

- Bu, insanın həm özü, həm də başqaları üçün ən yaramaz olanıdır.

        Davranış qaydaları.

- Az danış, xüsusilə etimad göstərdiyin adamlar qarşısında.
- İnsanlarda həmişə pis yox, yaxşı cəhətlərini axtar.
- Həqiqəti uca tut.
- Heç vaxt hisslərini büruzə vermə.
- On dəfə varlansan da əvvəlki həyat tərzini dəyişmə.
- Fikir söyləyərkən ehtiyatlı ol.
- Sadəlik səmimiyyətin və mənəviyyatın başlıca şərti, əlamətidir.
- Avaraçılıq dəhşətli bədbəxtlik, naqisliyin anasıdır.
- Ağıl islah xarakterdən, axmaqlıq özünəvurğunluqdan yaranır.
- “Qəzəb gücsüzlükdən doğur” (Russo).

        Təfəkkür, mənəviyyat, iradə.

- Təfəkkür hər şeyin başlanğıcıdır.
- Vaxt əsl həyatın təzahür formalarından biridir.
- Əmək, əmək! İşlədiyim zaman özümü necə də xoşbəxt hiss edirəm.
- Özündən narazılıq inkişafın rəhnidir.
- Həmişə yaxşı işlər görmək əbədiyyata qovuşmaqdır.
- Həyat qayəniz dahi, varlı, şöhrətli olmaq yox, qəlbinizi təmiz saxlamaq olmalıdır.
- Həqiqəti uca tutan boşboğaz ola bilməz.
- İradə azadlığı öz həyatını dərk etməkdir.
- Vicdan ən etibatlı göstəricidir.
- Ədalət xeyirxahlığın ali dərəcəsi, ondan yuxarısı mükəmməllik, aşağısı qüsurluluqdur.
- Özünüzü insanlar haqqında pis düşünməkdən qoruyun.
- İnsanların arxasınca danışmaq əclaflıq, üzünə demək naqislikdir.
- Vicdan cəmiyyətin ayrıca fərd tərəfindən mənimsənilən abidəsidir.

        Həqiqət və yalan.

- Həqiqət həmişə insana ən yaxın olanıdır.
- İnsanın qəlbi ilahi qığılcım, həqiqətin özüdür.
- Başqalarının yanında yalan danışmaq çox da mühüm və zərərli deyil, zərərli olan özünün özünə yalan danışmasıdır.
- Öz günahlarını etiraf etməyən insan kip bağlanmış qaba bənzəyir.
- Günahlarını etiraf etmək kamillikdir.

        Gələcək.

- İnsanın düçar olduğu bütün bədbəxtliklərin mənbəyi öncə görmək arzusudur.
- Bu günki həyatla yaşamaq, ən yaxşı olanları bu gün görmək müdriklikdir.

        Mütaliə, bilik, elm.

- Oxumağa tələs.
- Bilik hər şeydir, elm onun bir hissəsi.

        İqtisadiyyat, maddiyyat.

- “İnsiharçılığın mahiyyəti ticarət üçün böyük bəladır”.(II Yekaterina)

        Hakimiyyət, maariflənmə, ictimai rəy.

- İctimai rəy hər cür qanun və qoşundan milyon dəfə güclüdür.

        Əzizlərim! Bu kəlamların bəzilərinə (bəlkə də bir çoxuna) yəqin ki, əvvəlki fəsillərdə də təsadüf etmişsiniz, lakin bunları əzəmətli Lev Tolstoyun kəlamları kimi oxumağınız şübhəsiz, onların çəkisini xeyli artırmış olur. 


Şəhidlər bizim qürür mənbəyimiz, mili dəyərlərimizdir

4 Mar 2021 00:41 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Mar 2021 01:19 güncellendi ]

28 il idi ki, üfunətli erməni tapdağı 
altında qalmış Vətən torpaqlarının 
daş qəbistanlıqlarına çevrilmiş 
qədim yurd yerlərinin nisgili 
ələm çovğununa 
dönərək 
xalqımızı elə hey titrədirdi. 




  
  Murad NƏBİBƏYOV,
  "Şəki Bələdiyyəsi" qəzetinin
  baş redaktoru, AJB-nin üzvü,
  "Qızıl qələm" mükafatı laureatı

        Bu zaman kəsiyində beynəlxalq hüquq normalarının qorunub saxlanmasına cavabdeh olan dünya gücləri dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də sözdən əmələ qədər olan məsafəni qət etmədiklərindən və ya bunu istəmədiklərindən vəhşi erməni instinkti cilovlanmaz bir hal aldı.
        Beynəlxalq qüvvələrin təpərsizliyini görüb "nə istəyirsən özündən istə, nə arzulayırsan özündən arzula" hikmətinə sarılaraq öz qüvvəmizlə işğalın nəticələrini aradan qaldırmaq niyyətinə düşdükdə isə onlar etinasız bir tövrlə "problmin hərbi həll variantı yoxdur, reallıqla razılaşıb, güzəşt yolunu tutmaq lazımdır" deyirdilər. Beləliklə, beynəlxalq hüquq normalarının qoruyucusu funksiyasına bilərəkdən səhlənkar yanaşmaları, etinasız münasibət sərgimələri bir yana qalsın, torpaqları işğala məruz qalan bir xalq olaraq bu yükü çiynimizə götürməkdən ibarət olan son dərəcə təbii istəyimizin qarşısında sipərə çevrilirdilər. Çünki özlərinin dar, prаqmatik siyasi maraqlarından və işğalçı ilə dini həmrəylikdən doğan kor təəssübkeşlik mövqeyindən çıxış edirdilər.
        Erməni faşizmi bu durumdan və imperiyaçı ağasının dəstəyindən bəhrələnərək tutduğu torpaqları ən iyrənc vasitələrlə özü üçün Vətənə çevirməyə çalışırdı.
        Lakin xalqımız Vətən torpaqlarını əsarətdən qurtarmaq üçün hətta bütün dünya ilə döş-döşə gəlməyə belə hazır idi. Bu dirəniş mənsub olduğumuz türk superetnosunun etnik xarakterinə xas olan təməl dəyərlərdən qaynaqlanır.
        Etnik xarakter dedik, yadımıza ərəb mütəfəkkiri Osman bin Bəhr Əl-Cahiz-Əl Bəsrinin yazdıqları düşdü: "VƏTƏN üçün əsmək, onun üçün darıxmaq, ona olan sevgi bütün insanlar arasında yayılmışdır. Ancaq türkün çəkdiyi VƏTƏN, YURD HƏSRƏTİ daha şiddətli, daha da güclüdür".
        Vətən, yurd sevgisi ulularımız üçün elə bir ülvi mahiyyət kəsb etmişdir ki, Vətən torpaqlarının, Yurd yerlərinin ruha malik olması qənaətini özündə ehtiva edən ibtidai dini inanca iman gətirmişdir.
        Min-min illərin başında uluların söylədiyi sözlər, səsləndirdikləri fikirlər əcdad ruhunun hənirinə, işartısına dönərək çağdaş nəsillərin Vətən sevgisini alovlandırmaqdadır.
        Sözləri türkün ruhuna çevrilən Qərbi Hun imperiyasının hökmdarı Çiçi təxminən iki min il öncə demişdir: "Vətən atalarımızdan bizə əmanət edilmiş müqəddəs torpaqlardır. Ləyaqəti itirməməк üçün bu torpaqlar tərk edilməz".
        44 gün davam edən Vətən müharibəsində şəhid ucalığına qalxan cavanların öz sinələrini düşmən güllələrinin önündə qalxan etmələrinin səbəbini məhz qan yaddaşının təlqin etdiyi bu ruhda aramalıyıq.
        Türk etnosunun milli xarakterinə xas olan daha bir cəhət də vardır, bu da dövlətçilik mədəniyyətidir: bəşər tarixinin son 2500 illik dönəmində meydana gələn Böyük Hun imperiyası, Qərbi və Şərqi Hun imperiyaları, Ağ Hun imperiyası, Göy Türk imperiyası, Xəzər imperiyası, Qəznəvilər imperiyası, Böyüк Səlcuq impеriyаsı, Əmir Tеymurun yаrаtdığı impеriyа, Оsmаnlı impеriyаsı, Səfəvilər imperiyası - bu dövlətlər türkə məxsus dərin dövlətçilik mədəniyyətinin təsdiq və vasitələridir. Tarix ərzində başqa heç bir xalqa bu qədər imperiya yaratmaq nəsib olmayıb.
        "Dövlətçilik mədəniyyəti" ifadəsinin məna çalarlarından biri də hər bir fərdin dövlətə konsolidasiya olunması, yəni dövlətlə vəhdət təşkil etməsi, özünü dövlətin tərkib hissəsi kimi təsdiqləməsidir.
        İkinci Qarabağ savaşının davam etdiyi günlərdə xalq dövlətlə sıx plazmаtik nüvə kimi birləşməklə sübut etdi ki, qan yaddaşı vasitəsilə ululardan aldığı bu etnik özəlliyi qoruyub saxlamaqdadır.
        İndi Şəhid məzarlarında uyuyan cavanlar Vətənlə, Millətlə yanaşı, həm də dövlətçiliyimizi hifz edib, bizə tapşırıb, özləri cənnəti-məkan olublar. Onlar bizim qürur mənbəyimiz, milli dəyərimiz, vətənpərvərlik rəmzimiz, hətta səcdəgahlarımızdır.

"Əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı"

4 Mar 2021 00:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Mar 2021 00:19 güncellendi ]

Fevralın 15-16-da onlayn qaydada "ZOOM" 
platformasında BMT İnkişaf Proqramı(UNDP) 
və 
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) 
birgə təşkilatçılığı ilə "Əhatəli və davamlı şəhər 
idarəçiliyində özəl sektorun iştirakı" 
mövzusunda iki günlük təlim 
proqramı təşkil edilmişdir.






Səyyarə MUSAYEVA,
Şəki Bələdiyyəsi sədrinin müavini


        Şəki Bələdiyyəsindən bu yаzının müəllifi də iştirаk еdən tədbirdə BMT İnkişаf Prоqrаmı (İP) İstаnbul Bеynəlхаlq Özəl Sеktоr və İnkişaf Mərkəzinin direktoru Sahba SOBHANİ, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro FRAKASSETTİ, Azərbаycаn Şəhər Bələdiyyələri Milli Аssоsiаsiyаsının (АŞBMА) sədri Təmraz TAĞİYEV, TDBB-nin Baş katibi Fahri SOLAK, UCLG EuroAsia - Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Avrasiya Regional Təşkilatının Baş katibi Rasix SАQİTОV, UCLG MEWA - Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Yaxın Şərq və Qərbi Asiya Regional Təşkilatının baş katibi Mehmet DUMAN, Kibar Holdinqin rəhbəri Haluk KAYABAŞİ, Türkiyə Respublikasının Prezidenti yanında Yerli Hakimiyyətlər Siyasi Şurasının üzvü Hayri BARAÇLİ və bаşqаlаrı iştirаk еdirdilər. 
        АŞBMА-nın sədri Təmraz Tağıyev həmin ərəfədə Türkiyədə bаş vеrmiş terror аktındа şəhid оlmuş 13 nəfərlə bаğlı bаş sаğlığı vеrdikdən sоnrа bеlə nüfuzlu tоplаntıdа bələdiyyələrin üzləşdiyi aktual problemlərin həllini nəzərdə tutаn məsələlərə yer verildiyi üçün təşəkkür etdi.
        AŞBMA icraçı katibi Tofiq Həsənov öz nitqində Azərbaycan bələdiyyələrinin mövcud təhlilləri ilə bağlı vəziyyəti diqqətə çatdırdı. О, bələdiyyələrin qаrşılаşdığı problemlər kimi maliyyə potensialının zəifliyindən, vətəndaşların sosial sifarişləri əsasında böyük layihələrin icrasının mümkün olmadığından, eləcə də vergi yığımındа nəzərəçаrpаn çətinliklərdən söz açdı.
        Təlimin ilk modulundа UCLG MEWA-nın nümayəndəsi Salim Korkmaz global problemlərin və onların həlli üsüllarından bəhs etdi. Еyni zаmаndа, о, şəhərləşmə trendləri və davamlı inkişaf məqsədlərinin yerliləşdirilməsinin strategiyası haqqında iştirakçıları məlumatlandırdı.
        İkinci modulda BMT İP İstаnbul Bеynəlхаlq Özəl Sеktоr və İnkişaf Mərkəzinin nümayəndəsi, Aslıhan Albostan şəhər idarəçiliyində özəl sektorun inkişafının bələdiyyələrin rolunu cəmiyyətdə tərəqqiyə aparacağından və bir çох problemlərin əsas çözümünün bu yoldan аsılı оlduğunu söylədi.
        Sonra məşhur Kibar Holdingin nümayəndəsi Oguzhan Akinc təlim iştirаkçılаrı ilə həmin mövzu ilə bаğlı öz təcrübələrini bölüşdü.
        Üçüncü moduldа Boğazici Universitetinin Məzunlar dərnəyinin nümayəndəsi Ugur Karahan bələdiyyə müəssisələrinin yaradılmasının maliyyə mənbələrinə müsbət təsir еdəcəyindən, еyni zamanda məşğulluq prоblеminin həllinə faydalı olacağından bəhs edildi.
        Fеvrаlın 16-dа təlim öz işini dаvаm еtdirdi.
        Həmin gün, əsаsən bələdiyyə müəssisələrinin mаliyyələşməsi istiqamətində Türkiyə təcrübəsinin tətbiqi məsələlərinə yer verildi.
        Eskişehir Anadolu Universitetinin profeesoru Necdet Sağlam özünün dəyərli nəzəriyyələrini tədbir iştirаkçılаrı ilə bölüşdü. Onun təqdimatının əsas istiqamətləri: yerli şirkətlər haqqındakı beynəlxalq dəyərləndirmələr, BMT səviyyəsindəki publik şəxslər, istiqrazlar, şirkətlərin birləşməsi istiqamətində yaranacaq mаliyyə problemlərinin həlli üsullarından ibarət oldu.
        Növbəti modullarda BMT İP İstаnbul Bеynəlхаlq Özəl Sеktоr və İnkişaf Mərkəzinin nümayəndəsi Funda Süzər və BMT İP İstanbul Regional Mərkəzinin nümayəndəsi Tuğba Varol еffektiv İnvestisiya haqqında öz təqtimatları ilə geniş iqtisadi bilikli təlim proqramında investisiyaların önəmindən, həmçinin CO2 (kаrbоn qаzı) emissiyasının azaldılması istiqamətində layihələrin dəyərləndirilməsinin vаcibliyindən dаnışdılаr.
        Son moldulda BMT İP İstаnbul Bеynəlхаlq Özəl Sеktоr və İnkişaf Mərkəzinin nümayəndəsi İrakli KOTETİŞVİLİ öz təqdimatında əvvəldən dаnışılаnlаrın risk və risk idarəçiliyi haqqında dəyərli tövsiyyələr ver-di.
        Son olaraq, qeyd edilənlərin nəticəsi kimi, onu demək olar ki, ümumi treninqin mahiyyəti aktiv iş birliyi, bələdiyyələrin idarəetmədə vаcib хüsusiyyətləri, yol xəritəsində bundan sonrakı fəaliyyəti, təbii mənbələrdən istifadənin stimullaşdırılması, şəhərləşmədə özəl sektorla sıx əlaqənin inkişaf etdirilməsi və bütün bunlarla yanaşı CO2 emissiyasının azaldılması istiqamətində yeni informasiyalardan aktiv istifadənin zəruriliyindən ibаrətdir. Bu kimi qeyri-ənənəvi yanaşmalar günümüzdə başqa ölkələrin təcrübəsindən, o cümlədən qardaş respublika olan Türkiyənin birmənalı olaraq inkişaf trendlərini izləmək ölkə bələdiyyələrinin iqtisadi, texniki inkişafına təkan verəcəkdir.

Bələdiyyələrlə iş mərkəzinin rəisi: “Torpaqların icarə haqları bazar qiymətlərindən dəfələrlə aşağıdır” - MÜSAHİBƏ

15 Şub 2021 00:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 15 Şub 2021 00:06 güncellendi ]

        Bələdiyyələr qanunvericiliklə müəyyənləşdirilmiş yerli əhəmiyyətli məsələlər üzrə idarəçiliyi həyata keçirən müstəqil yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin müstəqilliyi, səlahiyyətlərinə aid məsələlər üzrə idarəçiliyi sərbəst həyata keçirmələri qanunvericilik aktlarında ən ali səviyyədə - Konstitusiyamızda təsbit olunub. Lakin bələdiyyələrin müstəqilliyi, digər bütün hüquqi və fiziki şəxslər kimi onları da fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Məhz bələdiyyələrin fəaliyyətlərində, qəbul etdikləri qərarlarında qanunvericiliyin tələblərinə əməl etmələri, qanun pozuntularına yol verildiyi halda onun qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Dövlət tərəfindən qeyd olunan inzibati nəzarətin həyata keçirilməsi Avropa ölkələrində də tətbiq olunur və “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda da nəzərdə tutulub. Ölkə qanunvericiliyi ilə Azərbaycanda dövlətin adından həyata keçirilən bu fəaliyyət Ədliyyə Nazirliyinə həvalə edilib.

        Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov “Report”a müsahibəsində bütün bu məsələlərlə bağlı sualları cavablandırıb.


    
    - Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə hansı formada nəzarət edir və nə kimi problemlər var?
        - Bələdiyyələrin müstəqil qurum olduğu nəzərə alınaraq, həyata keçirilən inzibati nəzarət fəaliyyəti, onun əsasları, hədləri, üsul və vasitələri qanunvericiliklə çox ciddi və dəqiq şəkildə tənzimlənir. Bu məqsədilə hələ 2003-cü ildə xüsusi qanun -“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanun qəbul edilib. Bu sahədə təcrübə toplandıqca, həmçinin beynəlxalq təcrübə də nəzərə alınmaqla vaxtaşırı təhlillər aparılaraq qeyd olunan fəaliyyətin daha da təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilir.
        Məlumdur ki, 2020-ci ildə dünyanı bürüyən pandemiya bütün sahələrə öz mənfi təsirlərini göstərib. Bələdiyyələr kollegial orqan kimi fəaliyyətlərini iclaslar vasitəsilə həyata keçirdiyindən, həm də büdcələri əsasən fiziki şəxslərdən yığılan vergilər hesabına formalaşdığından pandemiya şəraiti onların fəaliyyətində, maliyyə vəziyyətində, həmçinin Ədliyyə Nazirliyinin bələdiyyələrlə apardığı işdə xeyli çətinliklər yaradıb. Lakin nazirlik tərəfindən bu mənfi təsirləri minimuma endirmək üçün ardıcıl tədbirlər görülüb. Qanunvericilikdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət iki əsas üzrə - bələdiyyə aktları və müraciətlər üzrə həyata keçirilir. 2020-ci ildə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılmaq üçün 79 858 akt təqdim olunub, onlardan 76 433 (95,7%) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırıqlarına uyğun olaraq inzibati nəzarət tədbirlərinin gücləndirilməsinin nəticəsidir ki, inzibati nəzarət qaydasında baxılan akt sayı ötən illə müqayisədə 0,5% az olsa da, qanunvericiliyin tələblərinə uyğun olmayan bələdiyyə aktlarının ləğvi və ya dəyişdirilməsi məqsədilə inzibati nəzarət orqanı tərəfindən verilən təkliflərin sayı əvvəlki illə müqayisədə 6,3% çox olub. İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 503 müraciətə baxılmışdır. Müraciətlərin sayı əvvəlki illə müqayisədə 6% çox olub. Müraciətlərdə qaldırılan məsələlərin həllinə diqqətin artırılması nəticəsində təmin edilmiş müraciətlərin sayı 17% artmışdır. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib.

           

    
    - Nazirlik tərəfindən verilən təkliflərin yerinə yetirilməsi vəziyyəti necədir və bu halda hansı tədbirlər görülür?

        - Nazirlik tərəfindən verilən təkliflər 5 iş günü ərzində bələdiyyə iclasının müzakirəsinə çıxarılmalıdır. Təkliflə razılaşıb razılaşmamaq yəni onu təmin etmək və ya bundan imtina etmək bələdiyyənin səlahiyyətində olan məsələdir. İl ərzində nazirlik tərəfindən verilən ümumilikdə 3 267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılıb, onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır.

        - İnzibati tədbirlərlə hansı nəticə əldə edilib?
        - Həyata keçirilən inzibati nəzarət tədbirlərinin (təklif və ya iddia ərizələrinin təmini) nəticəsi olaraq bütövlükdə 8 217 ha, əvvəlki ilə nisbətən 17% çox torpaq sahəsinin, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3 417 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bundan əlavə 2 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır. Ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri ilə bağlı çox saylı şikayətlərin o cümlədən kollektiv şikayətlərin olduğu nəzərə alınaraq onların istifadə vəziyyəti barədə sorğular göndərilib. Nəticələri üzrə qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcək.


    
    - Bələdiyyələrin fəaliyyətindəki hüquqpozmalarla bağlı hansı tədbirlər görülüb?

        - Ötən ilin əvvəllərində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri təhlil edilərək ümumiləşdirilib. Ümumiləşdirmə nəticəsində bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik qanunpozuntuları, o cümlədən cinayət xarakterli pozuntular, həmçinin onları doğuran səbəb və şərait müəyyənləşdirilib. Həmin xarakterik qanunpozuntularının və onların baş verməsinə şərait yaradan halların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib. 2020-ci ildə ölkə Prezidenti öz çıxışlarında icra orqanları ilə yanaşı bələdiyyələrin də fəaliyyətində yol verilən neqativ hallara toxunub, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin ən mühüm tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb. Qeyd olunan məsələlər daim diqqət mərkəzində saxlanılıb. İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılan araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır. Bundan başqa, il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokol isə baxılmaqdadır. Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması məqsədilə onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlər davam etdirilir.

        - Ölkə üzrə bələdiyyələrin internetə çıxışı və informasiya texnologiyaları ilə vəziyyəti necədir?
    
    - Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində və onlarla iş sahəsində rəqəmsal idarəçiliyin tətbiqi Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir. 2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilərək nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının elektron qaydada göndərilməsi təşkil olunub. Eyni zamanda “Ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair” elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb və vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə edə bilmələri üçün elektron baza formalaşdırılıb. Yerli özünüidarəetmə orqanlarında müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş və internetə çıxışı olan bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə artaraq onların 3/2 hissəsini əhatə edir.

        - Bələdiyyələrin büdcə gəlirlərində hansı tendensiya müşahidə edilir?
        - Bələdiyyələrlə aparılan məqsədyönlü tədbirlərin nəticələri ötən ilin əvvəllərində öz müsbət nəticələrini göstərməyə başlayyıb. Belə ki, 2020-ci ilin birinci rübünün statistik göstəricilərinə əsasən bələdiyyələrin ümumi büdcə gəlirləri 23,9% artıb. Lakin pandemiyanın doğurduğu çətinliklərin təsiri ilə nəinki bu artım dinamikası dayanıb, hətta sonrakı dövrlərdə yerli büdcə gəlirləri 2019-cu ilin müvafiq dövrləri ilə müqayisədə xeyli azalıb. Bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş mənbələr üzrə uçot işlərinin dəqiqləşdirilməsi, ödənilməli vergilərin düzgün hesablanması və yerli büdcəyə mədaxilinin təmin olunması və s. vasitələrlə bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırda əhatəli iş aparılır.

        - Bələdiyyələrə ayrılan vəsaitlərin, büdcəsinin xərclənməsinə hansı şəkildə nəzarət edilir?

    
    - Yerli büdcə prosesinin qanunauyğun icrasının, bu sahədə şəffaflığın təmin edilməsinin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq qeyd olunan məsələlər daim diqqətdə saxlanılır. Bu sahədə qanunçuluğa əməl olunmasının təmini məqsədilə “Yerli büdcə layihəsi”nin və “Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi formaları tərtib edilib, Maliyyə Nazirliyi ilə razılaşdırılaraq müvafiq tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilib. Yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi yönündə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində nazirliyin metodiki köməkliyi ilə tətbiq olunmuş tədbirlər nəticəsində uçota alınan obyektlərin sayı demək olar ki, 2 dəfəyə yaxın artıb. Əldə olunmuş müsbət iş təcrübəsinin digər bələdiyyələrə təbliğ və təşviq olunması işinə başlanılıb, bu məqsədlə Bakı şəhərinin 24 bələdiyyəsinin aidiyyəti vəzifəli şəxsləri ilə seminar müşavirələr keçirilib.

        - Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı vəziyyət necədir?
        - Əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilib. Məlum olubki, bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün qanunamüvafiq tədbirlər demək olar ki görülməyib. Bu sahədə uyğunsuzluqların aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması barədə” tövsiyə, məsələ ilə bağlı qəbul edilməli olan bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin, iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilib. Hazırda tövsiyədə göstərilən tədbirlərin icrası üçün bələdiyyələrlə davamlı iş aparılır. Hesab olunur ki, qeyd edilən məsələnin tənzimlənməsi bir çox bələdiyyələrin büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər.

        - Bələdiyyələrin debitor və kreditor borcları varmı?
    
    - Bələdiyyələrin debitor və kreditor borcları barədə sorğu əsasında toplanan məlumatların təhlili göstərir ki, bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcları (əsasən əmək haqqı, sosial sığorta ayırmaları üzrə) var. Bələdiyyələrin əksəriyyəti tərəfindən debitor borcların həlli istiqamətində ardıcıl təsirli tədbirlər görülmür, pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi səlahiyyətlərindən istifadə edilmir. Bütün bələdiyyələrə göndərilmiş “Bələdiyyələrin debitor və kreditor borclarının həlli barədə” tövsiyədə büdcə sistemi haqqında qanunvericiliyin tələbləri bələdiyyələrə izah olunub, həmçinin yerli vergi və ödənişlərin ödənilməsindən yayınma hallarının qarşısının alınması məqsədilə qanunauyğun tədbirlər görülməsi, bu hallar barədə məlumatların ictimailəşdirilməsi yolu ilə ictimai qınaq kimi təsirli vasitədən istifadə edilməsi zərurəti diqqətə çatdırılıb. Lakin bələdiyyələrin vəzifəli şəxsləri bir çox hallarda qeyd olunan məsələlərə lazımi səviyyədə ciddi münasibət göstərmirlər. Hazırda göstərilən istiqamətlərdə tərəfimizdən bələdiyyələrlə müvafiq metodiki iş aparılır. Hesab edirəm ki, bizim vətəndaşlarımız, seçicilər fəal olmalı, seçdikləri bələdiyyənin fəaliyyətinə ictimai nəzarəti həyata keçirməlidirlər.

Söhbətləşdi: Rəşad VAQİFOĞLU,
Report.az

1-10 of 171