Məqalələr‎ > ‎

İntibah tipli mədəniyyətimizin beşiyinə doğru irəli!

1 Kas 2020 01:58 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Kas 2020 02:22 güncellendi ]








Həbibulla MANAFLI, 
ADPU-nun Şəki filialının baş müəllimi
        

        Təxminən 2500 il bundan öncə “Bisütun” qayalarına həkk olunmuş və zəmanəmizə gəlib çatmış bir duada Ulu Hörmüzdən rica edilir ki, ölkəni yadelli işğalından qorusun.
        Bəli, insan üçün yaxın, əziz, doğma, ülvi dəyərlərin cəmləndiyi yurdun, vətənin yadelli işğalına məruz qalması tarixin bütün dönəmlərində böyük fəlakət kimi qarşılanmışdır. Sovet-kommunist rejimi tərəfindən 1989-cu il yanvarın 12-də Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılması anlamını verən xüsusi idarəçilik formasının tətbiqindən sonra biz bir xalq olaraq bu fəlakətin gətirdiyi ağrı-acıları artıq 31 ildir ki, yaşamaqdayıq.
        Vətən torpaqlarının mənfur düşmənin tapdağı altında qaldığı dönəmin bu qədər uzanması artıq qəddimizi əymişdir. “Yurd itirib ad batıran” deyimi elə hey qulaqlarımızda səslənərək “Şəhnamə”dəki Zöhhakın çiynində bitən və yalnız insan beyni ilə qidalanan ilanlar təki beynimizi yeyir, ürəyimizdə qərar tutan ülvi duyğuları tar-mar edir, canımızı sökürdü. Şükürlər olsun Allaha ki, şanlı Ordumuz vətən torpaqlarını işğaldan qurtarmaq üçün zəfər yürüşünə başlamaqla xalqımızı bu əzici, sıxıcı əhval-ruhiyyədən, özünü öz gözündən salan, aşağılayan, əskildən mənəvi işgəncədən xilas etdi. Ordumuzun bu yürüşü ölkəmizin ərazi bütövlüyü bərpa olunanadək davam etməlidir. Mövcud vəziyyətdən irəli gələn bu qənaət indi Azərbaycanda hamının düşüncəsinə hakim kəsilib. Hazırda ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün demək olar ki, bütün şərtlər mövcuddur. Əvvəla, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu qəbildən olan hüquqi aktlar bir xalq olaraq bizə işğalın nəticələrini aradan qaldırmaq imkanı verir.
        İkincisi, iqtisadi və hərbi sahələrdə potensialımızı xeyli artırmaq hesabına zəif, gücsüz haqlıdan qüvvətli haqlıya çevrilmişik.
        Üçüncüsü, Azərbaycanda xalq indiyədək görünməmiş milli həmrəylik nümayiş etdirir. Cəmiyyətimizin bütün zümrələri sıx plazmatik nüvə kimi müstəqil dövlətimizi təmsil edən iqtidarın ətrafında birləşmişdir. Bu da onu sübut edir ki, Qarabağı işğaldan qurtarmaq məqsədi artıq xalqımız üçün milli ideala çevrilib.
        Dördüncüsü, məmləkətimizin ərazi bütövlüyünü təmin etmək naminə apardığımız bu müqəddəs savaşda qardaş Türkiyə Azərbaycanı qətiyyətlə dəstəkləməkdədir. Məhz, bu amil ölkəmizin beynəlxalq təhlükəsizliyinin təmin edilməsi üçün müstəsna dərəcədə mühüm əhəmiyyət kəsb edir.
        Doğrudur, özlərinin hansısa məchul geostrateji maraqlarının arxasınca gedən bir sıra qüdrətli dövlətlər və onların nəzarəti altında faəliyyət göstərən beynəlxalq qurumlar Azərbaycana təzyiqi günbəgün artırmaqdadırlar. Bu təzyiqlərin qarşısında duruş gətirmək son dərəcə çətindir. Ancaq, beynəlxalq müstəvidə bizim də güclü və nüfuzlu müttəfiqlərimiz var. Türkiyənin sərgilədiyi mövqe buna bariz örnəkdir. Həm də əleyhimizə olan qüvvələr beynəlxalq hüququn hamıya bəlli olan normalarını nümayişkəranə surətdə pozmağa çətinlik çəkirlər. Bir də bunu nəzərə almalıyıq ki, indi dünyada mövcud olan iqtisadi-siyasi və mənəvi-psixoloji durum say və ərazi baxımından kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bütün xalqlara təsir edir. Son nəticədə yalnız özünə güvənən, özünə inam bəsləyən xalqlar bu təsir önündə duruş gətirə biləcəkdir. Birinci Qarabağ savaşının bizim üçün ağır anlarından birində ürək əməliyyatları üzrə dünya şöhrətli cərrah, böyük azərbaycanlı Cavad Heyət Türkiyənin cumhur başqanı Süleyman Dəmirələ açıq məktub ünvanlamışdır. O, həmin məktubda yazırdı:
        “Bu gün Arazın quzeyindəki dindaş və soydaşlarımız bir faciə və soyqırıma məruz qalmışlar, həm də böyük bir millət və ya güclü dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında yaşayan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən! Təbiidir ki, onların belə azğınlıq və cinayətə təşəbbüs və cəsarət göstərmələrinə səbəb bütün müsəlmanların, ələxsus türklərin düşməni olan bugünki böyük dövlətlərin dəstəkləri və yardımları olmuşdur.
        Belə bir durum qarşısında müsəlman dünyasının, Türkiyə və İran islam Cümhuriyyətinin və uluslarımızın vəzifə və məsuliyyəti nə ola bilər?
        Bu məzlum, silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq?...
        Ciddi ölüm təhlükəsində qalan məzlum azəri qardaşlarımızın yardımına qalxın!”

        Heyhat, xalqımızın müsibətindən maya tutmuş bu fəryad arzu olunan qarşılığını tapmadı. İndi nə Azərbaycan o dönəmdəki ordusuz və silahsız Azərbaycan deyil, nə də Türkiyə qərbin sözü ilə oturub-duran o Türkiyə deyil. Hazırda güclü ordu qələbəmizin rəhninə, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi qardaş Türkiyə isə beynəlxalq miqyasda təhlükəsizliyimizin təminatçısına çevrilib. Bu vəziyyət bizi bəsirətli olmağa və Qarabağı tam şəkildə azad etməyə çağırır. Belə unikal imkanı heç cürə əldən vermək olmaz. Qarabağ adi məkan deyil. Orada təşəkkül tapan yüksək səviyyəli mədəniyyət təbii coğrafi mühitin təsiri nəticəsində təkamül yolu ilə yaranmış və xalqımızın mənəvi aləmində çeşidli təzahür halları ilə özünü biruzə vermişdir.
        İnsanın ruhi aləmiylə təbii coğrafi mühit arasında bağlılığın, ahəngin və uzlaşmanın olduğuna dair fikirlər öz təsdiqini tapmış həqiqətlər sırasındadır. Bunu sübut edən örnəklər yetərincədir. Alman filosofu Hegelə görə hollandların, venetsiyalıların rəngkarlıq sahəsində əldə etdikləri uğurlar dəniz sahilində, bataqlıq və kanallarla əhatə olunan ərazilərdə yaşamaları ilə bağlıdır. Onlar daim dumanlı üfüqdə tünd fon müşahidə edirlər. Bu tutqunluq həmin təbii coğrafi şəraitdə yaşayan insanlarda rəngləri bütün təsir imkanları, işıqlanma, inikas, parlaqlıq dərəcəsi və başqa cəhətləriylə öyrənmək səyi doğurmuş, bunları aşkara çıxarıb tapmağı təsviri incəsənətin başlıca vəzifəsi olmasına dair düşüncə formalaşdırmışdır.
        İkinci misal, İslandiya əhalisi az olan ölkələr sırasındadır. Amma, əhalinin ümumi sayı ilə nisbətdə orada dünyanın hər hansı ölkəsindən daha çox şair vardır. Poeziyada sənətkarlığa və kamilliyə təbii canatma islandların xarakterinə məxsus milli əlamətə çevrilib. Bu hal İslandiyanın təbii coğrafi mühiti ilə bağlıdır. Ölkə başdan-başa çılpaq yaylalardan, qumsallıqlardan, vulkan püskürən sahələrdən ibarətdir. İslandiyanın üfüqləri qara, tünd dağlarla hüdudlanır, aydın günlərdə bu dağlar çəhrayı, mavi rənglərə çalır. Bax, bu təbii coğrafi mühit islandların poetik təxəyyülünün qanadlanmasına təkan verir.
        Qarabağda da unikal və dərindən-dərin xəlqi səciyyə daşıyan mədəniyyətin formalaşmasına təbii coğrafi şərait müstəsna dərəcədə təsir göstərmişdir. Ulu şairimiz Bəxtiyar Vahabzadənin təsvir etdiyi “qəlbi dağlar, muğam pıçıldayan bulaqlar, Daşaltı çayının daş dələn səsi, dərin dərələrin daşqın selləri, nal tökən dağların dar keçidləri, Sarı qayadakı bülbüllərin nəğməsi, Cıdır düzündən daim əsən sərin meh”, bir sözlə, təbii coğrafi mühit intibah tipli Qarabağ mədəniyyətinin əsas müəllifi olmuşdur. Məmləkətimizə məxsus bu qədim yurd yerinin təbii coğrafi xüsusiyyətləriylə xalqımızın ruhi imkanları arasında ilahi bir uzlaşma var. Ermənilər barədə isə bunu söyləmək əsla mümkün deyil. Ermənilər bura rus imperiyası tərəfindən köçürüldüklərindən, yəni yerli yox, gəlmə olduqlarından Qarabağa xas olan təbii coğrafi mühit onlarda ruhi assosiasiyalar yaratmır.
        Qarabağ mədəniyyətinin formalaşmasında təbii coğrafi mühitlə yanaşı kifayət qədər böyük bir tarixi dövr ərzində formalaşan mədəni mühit də mühüm rol oynamışdır. Xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi dahi bəstəkar Üzeyir Hacıbəyli özünün musiqi istedadının cilalanmasına Qarabağdakı mədəni mühitin təsirindən bəhs edərək yazırdı: “İlk musiqi təhsilimi Şuşada mahir xanəndə və tarzənlərin arasında almışam. Mənim səsim onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri ifa etmək sənəti öyrətmişlər”.
        Qarabağ torpağının yetirdiyi sənətçilərin yaratdıqları və ifa etdikləri ecazkar musiqi əsərləri bu məkanın təbii coğrafi özəlliklərinin estetik qavrayışı ilə şərtlənmiş və xalqımızın özünü ifadə vasitəsinə çevrilmişdir. Deməli, xalqımızın ruhi imkanlarını nəzərə alan Allah özü bu diyarı bizə rəva görmüşdür. İndi qəhrəman ordumuz Allahın bizə verdiyi bu əmanəti - yalnız müqəddəs vətən torpaqlarını deyil, həm də intibah tipli mədəniyyətin yaranmasını şərtləndirən təbii coğrafi şəraiti və təkamül yolu ilə meydana gələn mədəni mühiti yenidən özümüzə qaytarmaq naminə mücadilə aparır.
        Xalq yadellilərin hərbi təcavüzünə məruz qaldıqda mənəvi güc əldə etmək, öz qüvvəsinə inamı qoruyub saxlamaq üçün tarixə boylanır. Axı, tarix hər şeydən öncə xalqın zəfər və şərəf ənənələrinin saxlanc yeridir. Çağdaş tariximizdə belə səhifələr çoxdur. Daşnakların rəhbərlik etdiyi Ermənistan Qarabağdakı erməni seperatçılarının qaldırdığı üsyandan bəhrələnərək 1920-ci ilin baharında bu diyarın əhəmiyyətli hissəsini nəzarət altına almışdı. Azərbaycan Cümhuriyyətinin gənc ordusu Qarabağı işğaldan qurtarmaq üçün hücuma keçmiş və ilk zərbəni strateji baxımdan son dərəcə mühüm əhəmiyyət kəsb edən Əsgərana endirmişdir.
        Azərbaycanın istiqlal ideologiyasının yaradıcısı, islam aləmində ilk demokratik dövlətin memarı Məhəmməd Əmin Rəsulzadə Əsgəranın azad olunması ilə bağlı “Ordumuz zəfərdə” adlı bir məqalə qələmə almış və bu məqaləni “Azərbaycan qəzetinin 6 aprel 1920-ci ildə nəşr olunmuş 68-ci sayında dərc etdirmişdir. Öndər bu qələbənin əhəmiyyətinin cəmiyyət tərəfindən dərk olunması üçün Əsgəranı obrazlı şəkildə Dardanel boğazına bənzədərək yazırdı: “Qarabağın Dardaneli olan bu keçid tarixdə çox böyük orduların qabağını saxlayaraq çox böyük müdafiə döyüşlərinin şahidi olmuşdur. Burada 500 fədakar və müsəlləh adam olursa firqələrin (qrupların – H.M) qabağını saxlaya bilər. Keçidin ətrafı dəxi asi erməni köylərindən (kəndlərindən H.M) ibarət olunca təsəvvür edilməlidir ki, cavan Azərbaycan əsgəri nə kimi bərk səngəri almağa müvəffəq olmuşdur”.
        Məqalənin sonrakı hissəsindən aydın olur ki, o dönəmdə də sələflərimiz xalqımızın indi həyatda olan nəsilləri kimi Qarabağı işğaldan qurtarmaq arzusu, yanğısı ilə yaşayıblar. M.Ə.Rəsulzadə bir əsgərlə aparılan söhbətin timsalında Azərbaycan ordusunun mənəvi-psixoloji durumunu qabarıq tərzdə belə təcəssüm etdirmişdir: “Daş Başı (Əsgəran ətrafındakı yüksəkliyin adıdır – H.M) hücumuna hazırlanan bir əsəgərə “hara gedirsiniz” – deyə sorduğum zaman “Daş Başına gedirik ki, onu baş daşı edək” cavabını verdi”. İştə həpimizə nümunə olacaq əzm və ümidin şairanə bir misalı!
        Qəhrəmanlarımız öhdələrinə götürdükləri vəzifəni parlaq bir surətdə ifa etdilər. Ya Allah, Əsgəran yenə bizimdir! – deyə millətin qəlbinə girib də vəsvəsələr çıxaran iblisi susdurdular”.

        M.Ə.Rəsulzadə sonra əminliklə bildirirdi ki, qəhrəman silahlı qüvvələrimiz Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir. Öndər yanılmamışdı. Cümhuriyyətimizin suveren hüquqları o zaman qəti surətdə Qarabağda bərqərar oldu. Lakin, on birinci qırmızı ordunun süngüləriylə Azərbaycanda qurulan bolşevik rejimi Dağlıq Qarabağa muxtariyyət hüququ verməklə separatizmin yenidən baş qaldırması üçün münbit zəmin yaratdı.
        M.Ə.Rəsulzadə məqalənin sonunda Azərbaycan ordusuna ünvanladığı alqış və duasını belə ifadə edib: “Yaşasın gənc ordumuz! Ulu Tanrı zəfərlərini çoxaltsın”.
        Bu sözləri olduğu kimi çağdaş ordumuza şamil edir və amin deyirik. 

© Saytdalı Materiallardan istifadə edərkən 
hiperlinklə istinad olunmalıdır