Hidayət ELVÜSAL - Mən səni hardasa görmüşəm! - Yuxunda görmüsən, - deyə qadın üzünü yana çevirdi. - Yoox! Mən ölüm hardasa görmüşəm. Ama yadıma sala bilmirəm. - Yadına daş düşsün sənin. - Düşsün! Madam ki, sən məsləhət görürsən, qoy düşsün. - Yerə soxum sənin boyunu! Kimsə səsləndi: - Ay bacı, sərxoşdu, fikir verməyin. Yola verin getsin. - Bunun yolu cəhənnəmlikdir elə! Kişi başını buladı: - Heç evə gedə bilmirəm. Cəhənnəmə necə gedim? - Narahat olma! Əzrail qolundan tutub aparacaq. - Sən mənim canım?! - Sən öləsən! Özü də “Vağzalı” ilə. - Toy olacaq? - Əzrailin toyunda Elariz Məmmədov oxumur. - Bəs kim oxuyur? - Ya Hyuston oxuyur, ya da Barış Manco. - Gözəl! Yenə kimsə dilləndi: - Ay bacı, yazıqdı, fikir verməyin! - Bunu yazıq ilan vursun! Ağbirçək qadın da xanımı sakitləşdirmək istədi! - Bədbəxt adamdı. Qarğış eləmə! - Bunun boyuna qamış ölçüm. Kişi yenə bağırdı: - Sən mənim canım, səni harda görmüşəm? Özzüm ölüm görmüşəm! Prosto, yadıma sala bilmirəm. Sən azərstarda oxumamısan? - Öl e, öl! - Özzüm ölüm, oxumusan. Ya azərstarda oxumusan, ya da xalqın artistində. Qəşəng də səsin var. - Var! Sən öləndə üstündə ağı deyəcəm. Qəşəng bayatılar oxuyacam. - Oxu, qurban olum, oxu! O bir dənə mahnı var e, oxu, gözəl, oxu, gözəl, qoy səsin… - Kül sənin başına! Adını kişi qoymusan! Kimsə yenə dilləndi: - Ay bacı, onu eşitmək istəmirsizsə, yerinizi dəyişin. Kişi: - Yox, sən mənim canım xətrinə dəyməyin. Qoyun yanımda otursun. Vallah, hardasa görmüşəm. Bayaqkı adam: - Ay bacı, bəlkə doğrudan da sizi hardasa görüb? Qadın bir qədər susdu, sonra ağır-ağır dilləndi: - Görüb, ay qardaş, görüb. - Harda görüb? - Harda görəcək, ay qardaş, evdə görüb. - Nə?! - Hə!! Bu ölmüş ərimdi. Bayaq yenə pivəxanadan tapmışam. Evə aparıram. Kişi sevindi: - Sən mənim canım, gördünüz. Deyirəm axı, bunu hardasa görmüşəm. - - Mənbə: Tezadlar.az |
Məqalələr >