24 yanvar 2015 ci il - həyat yoldaşımın vəfatının bir ili tamam olur. Ona həsr etdiyim “Sən bu evdən gedəndən”adlı poemadan bir parçanı yayımlayıram. Şahid MƏMMƏDKƏRİMOV Hələ tamamlanmamış ömrümüzün nağılı Əcəlin sərt küləyi əsdi bizə qəfildən. Sən kamala çatdırıb bir qızı, üç oğulu Taleimin bəxtinə əlvida dedin nədən. *** Sənsizliyin soyuğuna bələndimTəzə doğub, sanki , anam daş məni. Hamarlayır, yuyur, hər gün kiçaldır Həsrət məni, kədər məni, yaş mən. Bu dərd ildırımtək andaan çaxır. Varlıq da, mənlik də, ruh da alışır Qəmin çeşmə kimi qaynayıb axır Ömür yolumuza hər an şırhaşır. Gecənin sükutu qərib həmdəmim. Ömrümə, günümə naxışlar vurur. Göylərdən tökülüb başıma qəmım Həmən naxışlardan bir matəm qurur. Yadına düşürmü müdrük el sözü Bəlkə, xatırlayım,söyləyim bir-bir “Hər dərdin əlacı, sonu var,” düzü Bu dərdin əlacı, sonu Qəbirdir. Buludtək dolaraq ağlamaq peşəm Xəyalən yaşımı silirsən hərdən Könlümü qəbrinin üstə əkmişəm Cücərsin, yanına gələcəyəm mən *** Qara günün qəm nəğməsi Dilləndi. Nə səsdi, gülüm? Dünyanın çovğun küləyi Mən tərəfə əsdi, gülüm. Dərd üstünə dərd calandı Bağrım başı parçalandı. Ürəyimdən söz talandı Bir quru qəfəsdi, gülüm. Demə daha yaşa, yarat Mənə boşdur indi həyat Qırılanda axı qanad Uçmaq çox əbəsdi, gülüm Çönüb heç mənə baxdımı? Tale çevirib taxtımı Mənim bu qara baxtımı Sənə qurban kəsdi, gülüm. Zülmət oldu al gündüzüm Gör necə qaraldı gözüm Qalıbsa da bir az dözüm O da mənə qəsdi, gülüm. Sağalmazdı mənim yaram Danışıram aram-aram Heç bilmirəm, yoxam, varam? Daha son nəfəsdi,gülüm. Qarışaraq al qanına Can verəm candan canına Şahidi apar yanına Mənə təklik bəsdi gülüm. *** Sən bu evdən gedəndən sevinc qaçır uzağa qəm paltarı biçilir mənə başdan ayağa Ömrümün hər anında Təngiyir nəfəs yenə. havasızlıq yaradır Gülüm, sənsizlik mənə. Həyətdə gül- çiçəyin Rəngi həmən rəng deyil Quşların nəğməsində Ahəng-o ahəng deyil Evdəkilər doğmadır Heç birisi yad olmur Amma bişən xörəyin (Məndən inciməsinlər) Dadı həmin dad olmur. Sən bu evdən gedəndən Günəşin istisindən Soyuqluq duyuram mən. Yağış yağsa damcısı İşləyir iliyimdəm. Külək əsir, mülayim Qasırğa sanıram mən Şırım-şırım iz salır Hamısı urəyimdən. Geydiyim təzə deyil Gördüyün kastiyumdu Sənsiz sıxır canımı Görən, bu nə duyumdu? Hər şey, hər şey dəyişib Sanki nə var əyişib Xəyalımda keyişib Qəlbim oyum-oyumdu. Bilirəm ki, gülüm, sən Geri dönən deyilsən Gözıəyirəm yenə mən Görən bu nə oyundu?! Gün keçir acı-acı Yox bu dərdin əlacı Fələyin kədər tacı. Mənim başıma qondu. Deyirlər ki, sən sağ ol Bu qismətdi, qədərdi. Mən çəkirəm bu dərdi Ömrü qəbrə qədərdi. |
Poeziya >