Xəbərlər‎ > ‎

Şəki veteran hərakatının ön sırasındadır

24 Eyl 2018 00:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Mar 2019 03:17 tarihinde Aydin Salis tarafından güncellendi ]

Respublika Veteranlar Təşkilatının sədri, general polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini, polkovik Cəlil Xəlilov  sentyabrın 19-da Şəki şəhərində Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüş keçirmişlər. Görüşdə müharibə, əmək veteranları, ziyalılar və yerli dövlət orqanlarının nümayəndələri iştirak etmişlər. Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və  yerli icra hakimiyyəti orqanları ilə birgə  işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımı köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilmişdir.

Şəki şəhər Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov tədbiri açaraq cari ildə görülən işlər, veteran təşkilatının fəaliyyətinin daha da canlandırılması, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr, digər planlar barəsində ətraflı məlumat verdi.

O dedi: - Hörmətli qonaqlar Şəkidə sizləri salamlamaq bizim üçün xoşdur. Şəki hər sahədə ölkəmizin qabaqcıl şəhərlərindən biridir. Qədim tarixə malik Şəki zamanın sınağından çıxmışdır. Onun sakinləri vətənpərvərliyi, işgüzarlığı, səmimiyyəti ilə seçilir. Respublikanın ən qabaqcıl regionlarından olan Şəkidə veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğı göz önündədir. Şəki şəhər Veteranlar Təşkilatında yaradılmış şərait yüksək səviyyədədir. Bizim həyata keçirdiyimiz tədbirlərin səviyyəsi və əhatə dairəsinə görə daim fərqlənir. Veteranların ictimai-siyasi proseslərdə və vətənpərvərlik tərbiyəsinin təşkilində iştirakı ürəkaçandır. İcra Hakimiyyətinin tədbirləri, eləcə də digər tədbirlərdə veteranların iştirakı artıq zərurətə çevrilmişdir. Biz veteranlar daim xalqımıza, dövlətimizə sadiqik və bunu əməllərimizlə göstərir və hər zaman göstərəcəyik”. 

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov veteranlarla səmimi söbət edərək, onların qarşısında duran vəzifələrdən və gənc nəslin vətənpərvərlik tərbiyəsində veteranların daha yaxından iştirak etmələrinə dair tapşırıqlarını verdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycanda müasir, güclü Ordunun qurulmasından və Respublika Veteranlar Təşkilatının ölkə həyatında, ictimai-siyasi  proseslərdə yaxından iştirakı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, Şəkinin, eləcə də ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirdi.

Çıxış edən veteran və ziyalılar bundan sonra da əllərindən gələni edəcəklərinə, veteran hərəkatının gücləndirilməsi üçün səy göstərəcəklərinə əminlik ifadə etdilər.

Daha sonra Respublika Veteranlar Təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini Şəkinin qəhrəmanlıq simvolu sayılan Əhmədiyyə Cəbrayılovun və oğlu Mikayıl Cəbrayılovun yaşadıqları ev muzeyinə gələrək onların həyat və fəaliyyətlərini əks etdirən ekspanatlarla tanış edildilər. Bu insanların gənc nəslə nümunə olan qəhrəmanlıqlarının tanıdılması üçün lazımı tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulandı.

Səfər çərçivəsində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla veteranların görüşü də keçirilmişdir. Elxan Usubov qonaqları, xüsusən də, general-polkovnik Tofiq Ağahüseynov doğulduğu Şəkidə şəhərdə görməyindən məmnun olduğunu bildirdi. Vetanlara diqqət və qayğı  göstərilməsi, onların sosial problemlərinin həlli və s məslələr Şəki Şəhər İcra Hakimiyyətinin qarşısında duran əsas vəzifələrdən biri kimi səciyyələndirdi. Veteranların gənclərin tərbiyəsində, ümumən rayonun ictimai-siyasi həyatında yaxından iştirakına xüsusi önəm verdiyini bildirdi.

Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Tofiq Ağahüseynov Şəkinin veteran hərəkatında ən qabaqcıl rayonlardan biri olduğunu diqqətə çatdırdı. Şəhər Veteranlar Təşkilatının dövlət və yerli orqanlarla əməkdaşlığının gələcəkdə daha yüksək səviyyəyə qaldırılacağına inam ifadə etdi. Veteranlara göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirən Tofiq Ağahüseynov Elxan Usubovu “General Səməd bəy Mehmandarov” yubiley medalı ilə və “Veteranların qayğıkeşi” diplomu ilə təltif etmişdir.

Sonda xatirə şəkli çəkdirildi.