Məqalələr‎ > ‎

Görkəmli alim Fərman İsmayılov haqq dünyasına qovuşdu

10 Kas 2018 02:25 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Mar 2019 03:19 tarihinde Aydin Salis tarafından güncellendi ]
Azərbaycan elminə ağır itki üz vermişdir.
Bu gün - noyabrın 10-da görkəmli alim, 
Bakı Dövlət Universitetinin professoru,
Müasir Qərb fəlsəfəsinə dair 
Azərbaycanda ilk elmlər doktoru 
FƏRMAN İSMAYILOV 
vəfat etmişdir.










        İsmayılov Fərman Qəhrəman oğlu 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.
        1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunmuşdur. 1970-ci ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk əsərdir.
        Onun fəaliyyətinin böyük hissəsi M.F.Axundov adına Dillər İnstitutu ilə əlaqədardır; orada müəllim, baş müəllim, 1973-cü ildən dosent işləmişdir. 1970-ci ilin oktyabrında həmin institutun partiya komitəsinin katibi seçilmiş, müxtəlif fəxri fərmanlar almış, iki dəfə Nəsimi rayonuna deputat seçilmişdir. 1972-ci ildə "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir. 1978-ci ilin martında BDU-nun fəlsəfə kafedrasına dosent seçilmişdir.
        1996-cı ilin iyununda Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki D.004.06.01 İxtisaslaşdırılmış Elmi Şurası dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
        Müdafiədən sonra "İdrak nəzəriyyəsi və linqvistik analiz" kitabı çapdan çıxmışdır.
        "XX əsr Qərb fəlsəfəsinin tarixi" adlı iki cilddən ibarət əsərin birinci cildi Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi qəbul edilmişdir.
        BDU-nun Şəki filialı yarandığı gündən F.İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. 1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafıəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olmuşdur.
        Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur.
* * *
        Şəki Bələdiyyəsinin kollektivi, hörmətli professorumuzun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
        ALLAH RƏHMƏT ELƏSİN.